Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Tuncay Vəzirzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Tuncay Vəzirzadənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, 3 il şərti cəza alıb. Seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Tuncay Vəzirzadə ötən il oktyabrın 7-də Yasamal rayonu ərazisində aralarında yaranan münaqişə zəminində əvvəllər tanımadığı Rüfət Həziyevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan Rüfət Həziyevi xilas etmək mümkün olub.
Daha sonra Tuncay Vəzirzadə saxlanılıb. Məlum olub ki, Tuncay Vəzirzadə Rüfət Həziyevun onun qardaşı Eltunla mübahisə etməsi haqqında məlumat alıb. Hadisə baş verən günü Tuncay Eltunla Rüfəti barışdırmaq üçün Yasamala gəlib.
Tuncay onları barışdırmağa cəhd etsə də, Rüfətlə Eltun yenidən mübahisə ediblər. Hava qaranlıq olduğu üçün Tuncay elə bilib ki, Rüfətin əlində bıçaq var. Buna görə də Tuncay yaxınlıqdakı “Topaz”dan bıçaq götürərək onların yanına gəlib. Tuncay ora gələndə Rüfətlə Eltun əlbəyaxa dava edirmişlər.
Tuncay Rüfətə bir bıçaq zərbəsi vurub və bundan sonra Eltunu davadan ayırıb. O, qardaşını götürərək evlərinə aparıb.
Tuncay Vəzirzadə 2011-ci ildə yunan-Roma güləşi üzrə Avropa çempionu olub. O, güləş üzrə Azərbaycan yığmasının üzvü olub.
Zərərçəkmiş Rüfət Həziyev də güləşçi olub.