Azərbaycan və Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və onun müavini, 1961-ci il doğumlu Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslər özlərini günahkar bilməyiblər.
Daha sonra şahid qismində Arif Əsgərov ifadə verib. O, bildirib ki, Əfqanıstan Veteranları İctimai Birliyinin Nərimanov rayon təşkilatının sədri vəzifəsində işləyir.
2-ci qrup əlil olan şahid işin gedişindən narazı qaldığını deyib: “Mən bu iş üzrə zərərçəkən qismində tanınmalı idim. Mən bu barədə ərizə də yazmışam. Zərərçəkmiş kimi tanınmağım üçün şikayətlərini davam etdirəcəm”.
Hakim deyib ki, cinayət işində rüşvət vermə maddəsi olduğu üçün heç kəs zərərçəkmiş qismində tanınmayıb.
Sonra ifadəsini davam etdirən Arif Əsgərov bildirib ki, 1985-1987-ci illərdə Əfqanıstan müharibəsində iştirak edib. Nizami rayonu ərazisində qeydiyyatda olan şahidin sözlərinə görə, təqsirləndirilən şəxslər sonradan onun qeydiyyatını dəyişdiriblər: “Onlar məni Suraxanıda bataqlığa saldılar, oradan torpaq verdilər. Narazılıq elədim, bu barədə Cavan Əhmədova dedim. O da söz verdi ki, şikayətinlə bağlı sədrə deyəcəm. 2010-cu ildə Cavan Əhmədova 3000 manat pul verdim. O, mənə Nizami rayonu ərazisində torpaq verəcəkdi. 2013-cü ildə Nizami rayonu ərazisində torpaqların veteranlara pulsuz verildiyini eşitdim”.
Arif Əsgərov bildirib ki, Məhəmməd Vəliyevin oğlu torpaq alqı-satqısı ilə məşğul olub və onlara həmin torpaqları satıb: “Mən onların bir neçə şəxsdən pul aldığını görmüşəm. Hazırda yaşadığım ev suyun içindədir”.
Daha sonra şahid qismində ifadə verən Azad Əliyev bildirib ki, Əfqanıstan veteranıdır. Onun sözlərinə görə, təqsirləndirilən Cavan Əhmədova 4 sot torpaq üçün ümumilikdə 8800 manat verib.
Azad Əliyev qeyd edib ki ondan bələdiyyəyə rüsum ödəmək üçün 1680 manat alıblar: “Cavana pul verəndən sonra torpaq üçün sənəd almadım. Ona dedim ki, məndən çox pul aldın, cavab verdi ki, özün bil, istəsən də budur, istəməsən də”.
Cavan Əhmədov isə şahiddən pul almadığını deyib.
Növbəti proses martın 7-də davam edəcək.
Təqsirləndirilən şəxslər vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq etməkdə, rüşvət almaqda və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunurlar.
Onlardan şikayət edən zərərçəkmişlər də veteranlardır.
Şikayətçilər bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.