1 Mart 2018 09:29
7 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən 1980-cı il təvəllüdlü Ceyhun Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ceyhun Abdullayev ilk dəfə 2003-cü ildə cinayət törədib. O, Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2003-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə sağlamlığa xəsarət yetirmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək), 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) və 221.2.3-cü (silah qismində istifadə etməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham edilib və 7 il azadlıqdan məhrum olunub.

24 fevral 2010-cu ildə cəzasının sonu ilə həbsdən çıxıb.

Ceyhun Abdullayev azadlıqda yenidən cinayət törətməyə başlayıb. Bu dəfə vətəndaşlara zorakılıq göstərməklə həbsxanada olan kriminal aləmin nümayəndələrinə pul göndərmək istəyib.

İstintaq sənədlərinə görə, Ceyhun Abdullayev 2 sentyabr 2015-ci il tarixdə saat 23.30-da Qazax rayonunun İkinci Şıxlı kəndindəki çayxanada tanışı Ramil Həsənova məxsus “VAZ-2106” markalı avtomobili onun əlindən almaqla hədələyib.

Daha sonra Ramildən həbsxanadakı tanışlarına göndərmək üçün 3 min manat pul tələb edib.

Hədə-qorxu, pul tələbi..

Ceyhun Abdullayev istintaqa məlum olmayan mənbədən döyüş sursatı hesab edilən “RQ-42”, “F-1”, “RQ-42”, “RQD-5”, “UZRQM” əl qumbaraları əldə edib. O, həmin silahlarla noyabrın 8-də saat 22.50-də İkinci Şıxlı kəndində yerləşən yeməkxanaya gəlib.

Təxminən 5-6 dəqiqə kafedə dayandıqdan sonra ora Qazax rayon polis şöbəsinin əməkdaşları gəlib. Ceyhun polis əməkdaşları tərəfindən saxlanılıb.

Üzərinə baxış zamanı istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan əldə etdiyi 455 qram qurudulmuş marixuana və 0,120 qram narkotik vasitə olan üç metadon dərmanı aşkar edilib. İdarə etdiyi “Mercedes Benz C230” markalı QBB-029 qeydiyyat nişanlı avtomobildən isə 0,120 qram çəkidə narkotik vasitə olan üç metadon dərman çıxıb.

“Mənə borcu vardı...”

Təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun Abdullayev bildirib ki, Ramil Həsənov hadisədən bir neçə ay əvvəl ondan 3000 manat borc alıb: “Bir neçə gün keçsə də, Ramil borcunu qaytarmadı. Sentyabrın 2-də Ramilin istifadə etdiyi mobil telefona zəng vuraraq görüşmək istədiyimi bildirdim. Ona Qazax rayonunda yerləşən idman kompleksində olduğumu bildirdim.

Bir neçə dəqiqə sonra Ramil özünün VAZ-2106 markalı avtomobili ilə kompleksə gəldi. Çölə çıxaraq Ramillə görüşdüm. Birlikdə Qazax şəhərinə gəldik, kafedə oturub çay içdik. Ramildən 3000 manat borcu qaytarmağı tələb etdim. Ramil pulunun olmadığını bildirdi”.

“Gecə Ramil evə qayıtdı”

Ceyhun Abdullayevin sözlərinə görə, Ramilə pula ehtiyacı olduğunu deyib və yenidən borcu tələb edib: “Lakin Ramil pulun əvəzinə idarə etdiyi VAZ-2106 markalı avtomobili verə biləcəyini söylədi. Pula ehtiyacım olduğundan təklifi qəbul etdim. Ramil avtomobilin açarlarını mənə verdi.

Açarları götürdüm, Ramillə birlikdə Qazax rayonunun İkinci Şıxlı kəndinə getdik. Gecə Ramil yaşadığı evə qayıtdı”.

“Dedi, oğru aləminə nəzarət edirəm”

Cinayət işi üzrə zərərçəkmiş Ramil Həsənov bildirib ki, 2 sentyabr 2015-ci il tarixdə saat 21 radələrində Ceyhun Abdullayev onun istifadə etdiyi mobil nömrəyə zəng edərək görüşmək istədiyini bildirib: “Həmin vaxt Tovuz rayonunda olduğum üçün öz avtomobilimlə Qazax şəhərində yerləşən idman kompleksinə gəldim.

Orada Ceyhun, Xəqanı və 5 nəfər adlarını bilmədiyim adamlar vardı. Ceyhunun təklifi ilə Qazax şəhərinə getdik, adsız kafedə boş maşının ətrafında əyləşərək çay içməyə başladıq.

Ceyhun Abdullayev dedi ki, Qazax şəhərində “polajeniya”ya nəzarət edir”.

Zərərçəkmiş qeyd edib ki, həmin vaxt Ceyhundan “polajeniya”nın nə olduğunu soruşub: “Cavab verdi ki, Qazax şəhərində oğrular, lotular hamısı ona tabedir, oğru aləminə cavabdehdir. O, həbsxanada yatan qardaşlara “qrev” göndərmək lazım olduğunu söylədi. Dedi ki, ona 3000 manat pul verməliyəm, həmin pulu həbsxanada olan məhkumlara göndərəcək.

Ceyhuna 3000 manat pulumun olmadığını, 200 manat verə biləcəyimi dedim. Ceyhun isə şərt qoydu ki, bu axşam mənə 3000 manat çatdırmalısan.

Mən ona həmin məbləğdə pulumun olmadığını desəm də, razılaşmadı. Ətrafındakı adamların yanında bildirdi ki, bu axşam 3000 manat pulu ona çatdırmasam, VAZ-2106 markalı avtomobili ona verməliyəm”.

“Maşınımı əlimdən aldı”

Ramil Həsənov qeyd edib ki, həmin vaxt Ceyhunun yanında, tanımadığı adamların üzərində bıçaq olduğunu hiss edib, bu səbəbdən qorxub: “Ceyhun yanındakı idmançı görkəmli tanımadığım adamlardan birinə dedi ki, Ramillə get, 3000 manat pulu tapıb ona gətirək.

Ceyhuna yenə də pulu tapa bilməyəcəyimi bildirdim. Bu halda avtomobilimi ona verməli olduğumu söylədi. Maşından şəxsi əşyalarımı və sənədlərimi götürdükdən sonra taksiyə oturub Tovuz rayonuna gəldim. Hadisədən sonra bir neçə dəfə zəng edərək avtomobilimi qaytarmağı xahiş etsəm də, Ceyhun 3000 manat pulu gətirəndə avtomobili alacağımı bildirdi.

Bir neçə gün sonra atam avtomobilimin harada olduğunu soruşdu, məcbur qalaraq olanları ona danışdım. Atam bu barədə Daxili İşlər Nazirliyinə teleqram ünvanladı. Sonra isə Qazax rayon polis şöbəsinə ərizə ilə müraciət etdik”.

Şantajçı avtoritetə 3 il 4 ay cəza

Qazax rayon Məhkəməsinin hökmü ilə Ceyhun Abdullayev 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şikayət Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Bədəl Əliyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Ceyhun Abdullayevin apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Ceyhun Abdullayev kasasiya şikayəti verib. Kasasiya şikayətinə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim heyəti Ceyhun Abdullayevin kasasiya şikayətini təmin etməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər