Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov barəsində olan məhkəmə qərarından kasasiya şikayəti verib.
Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, Marat Ueldanovun şikayəti hakim Fərhad Kərimovun icraatına verilib.
İlkin baxış iclası martın 6-na təyin edilib.
İttihama görə, Rusiya vətəndaşı Marat Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb.
Bundan sonra Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Marat Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Marat Ueldanovun şikayəti təmin edilməyib.
Bu qərardan narazı qalan Marat Ueldanov kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
O, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda narkotik vasitə) maddəsi ilə ittiham olunub.
Qeyd edək ki, hökmdən sonra cəza çəkmə müəssisəsinə göndərilən Marat Ueldanovun daha sonra saxlanma rejimi dəyişdirilib.
Belə ki, müəssisənin rəisi Marat Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə Xəzər rayon Məhkəməsinə təqdimatla müraciət edib. Məhkəmə təqdimatı təmin edib və Marat Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə qərar qəbul olunub. Qərardan narazı qalan məhkum apelyasiya şikayəti verib. O, şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini istəyib.
Bakı Apelyasiya Məhkəməsinin bu il fevralın 14-də elan etdiyi qərara görə, Marat Ueldanovun apelyasiya şikayəti təmin edilməyib.