11:50
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Şücayət Əkbərovun vəkili vəsatətlə çıxış edib.
O, məhkəmənin təxirə salınmasını istəyib. Bildirib ki, Arif Alışanovun da məhkəmədə iştirakı təmin edilsin. Vəkil həmçinin Arif Alışanovun qızı Nigar Alışanova, bacısı oğlu Dəyanət Cəfərov və sürücü Hacı Babayevin də məhkəmədə iştirakını tələb edib.
Zərərçəkmişlərin nümayəndələri vəsatətləri əsassız sayıblar.
Şücayət Əkbərov isə vəkilinin vəsarətinin təmin ediıməsini istəyib. Qeyd edib ki, işə baxan hakimlər heyətinin tərkibi ilə bağlı da məhkəmə sədrinə yazılı etiraz məktub göndərib.
Prokuror Fərid Nağıyev vəsatətin təmin edilməməsini istəyib. Vəsatət təmin olunmayıb. Hakim bildirib ki, vəsatətə sübutların araşdırılması mərhələsində baxıla bilər.
Hakim əlavə edib ki, Arif Alışanov iddia ərizəsi ilə məhkəməyə müraciət edib. O, iddiasında təqsirləndirilən Şücayət Əkbərovun cavabdeh kimi tanınmasını, dəymiş ziyanın ödənilməsini istəyib. Arif Alışanov iddiasında 4 milyon 500 min manatdan çox mülki iddianın təmin edilməsini, Şücayət Əkbərovun əmlakları üzərinə həbs qoyulmasını, dəymiş ziyanın həmin əmlakların satılıb ödənilməsini tələb edib.
Məhkəmə iddia ərizəsini icraata qəbul edib.
Hazırda proses davam edir.
***
12:17
Prosesdə Şücayət Əkbərovun vəkili yeni vəsatətlə çıxış edib.
Vəkil müdafiə etdiyi çəxsin səhhəti ilə bağlı ekspertiza keçirilməsini və onun ev dustaqlığına buraxılmasını istəyib. Vəsatətə münasibət bildirən Şücayət Əkbərov səhhətində ciddi problemlər olduğunu deyib. İttihamın ciddiliyindən danışan təqsirləndirilən şəxs işin eyni ilə ciddi araşdırılmalı olduğunu vurğulayıb:
"Mən sağlam olmalıyam, bu iş ciddi araşdırma tələb edir. İşin uzadılmasını istəmirəm. Bu məsələnin bir ucu sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova çıxır".
Prokuror vəsatətin təmin edilməməsini istəyib. Müşavirə keçirən hakimlər vəsatəti təmin etməyib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10-cu (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birl (təşkilat) tərəfindən, tamah məqsədi ilə, başqa cinayəti gizlətməklə, daha çox şəxsi öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq), 228.3-cü (odlu silah saxlama) maddələri ilə ittiham elan edilib.
***
13:00
Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib.
Çıxış üçün prokuror Fərid Nağıyevə söz verilib. Prokuror ittiham aktını elan edib.
İttihamdan məlum olur ki, Şücayət Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Baki şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə mütəşəkkil dəstə yaradıb, qanunsuz silah, döyüş sursatı əldə edib, sifarişlə iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd göstərib.
O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.
Sücayət Əkbərov yaxın münasibətlərdə olduğu Qoçali Cəbiyev , onun vasitəsi ilə isə Zöhrab Şirinov ilə Arif Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib.
Bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.
2016-cı ilin dekabrn 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi Arif Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməyi sifariş verib.
Lakin dəstə üzvləri məlum olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyiblər.
Bundan başqa, Şücayət Əkbərov 2016-cı ilin dekabrında Arif Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Qocalı Cəbiyevə yenidən tapşırıq verib. Qoçalı Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Zöhrab Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib. Bir qədər sonra Arif Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd-Şamaxı şossesi yolunda hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.
Qoçalı Cəbiyev telefonla Zöhrab Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, Arif Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb.
Lakin Arif Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Şücayət Əkbərov bu barədə dəstə üzvləri Qocalı Cəbiyev və Zöhrab Şirinovu xəbərdan etməyə imkan tapmayıb.
Plana əsasən, Qocalı Cəbiyev Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi VAZ 21214 “NİVA” markalı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.
Sücayət Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Zöhrab Şirinova verib.
Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə Arif Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.
Lakin yenə planları baş tutmayıb. Şücayət Əkbərov sürücüsü Aqşin Hüseynov və mütəşəkkil dəstənin üzvü Qocalı Cəbiyev vasitəsilə avtomat silahı Zöhrab Şirinovdan geri alaraq, yenidən Arif Alışanovla Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib. Həmin gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa apararkən odlu silahlardan atəşlər açmaqla qəsdən öldürmək barədə dəstə üzvləri Qocalı Cəbiyev və Zöhrab Şirinovu təlimatlandırıb.
Polis əməkdaşları Şücayət Əkbərovu, Qocalı Cəbiyev, Aqşin Hüseynovu və Zöhrab Şirinovu saxlayıb.
Məhkəmənin qərarı ilə Şücayət Əkbərov, Qocalə Cəbiyev, Aqşi Hüseynov və Zöhrab Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.
Prokuror çıxışının sonunda ittihamı müdafiə etdiyini bildirib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər. Qocalı Cəbiyev deyib ki, Arif Alışanova sui-qəsd edilməsi barədə yazəıanlar yalandır: "Nə silah əldə etmişəm, nə də gəzdirmişəm. Nə var, onu da deyirəm. Patronu özləri qoyublar. Nə danışıram, düz deyirəm".
***
13:19
Daha sonra təqsirləndirilən Şücayət Əkəbərov sərbəst ifadə verib. O bildirib ki, Arif Alışanovu 2007-ci ildə tanıyıb.
Onun sözlərinə görə, makler kimi Şamaxı rayonunda Arif Alışanova toroaq sahələri alıb:
"Arif Alışanov torpaqlara baxandan sonra pulunu kürəkəni vasitəsilə göndərirdi. Aramızda heç bir problem olmayıb".
Təqsirləndirilən qeyd edib ki, 2011-ci ildə Arif Alışanov torpaq sahələrini keçmiş kürəkəni Fəridin adından çıxartdırıb və həyat yoldaşı Mehriban xanmın adına keçirib.
Təqsirkəndirilən şəxsin sözlərinə görə, Alışanovun 2011-ci ildə milyonlarla dəyəri olan bütün əmlakları sürücüsü Hacı Babayevə etibarnamə və çıxarışlarla məxsus olub:
"Alışanov istəmirdi ki, ona məxsus olan əmlaklar bilinsin. Buna görə də başqa-başqa adamların adına qeydiyyata saldırırdı".
Təqsirləndirilən şəxs deyib ki, sonradan Arif Alışanov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə onlara təzyiq göstərib:
"Arif Alışanov MTN-nin bir nömrəli adamı olub. Hansısa səbəbdən o işdə aradan çıxdı. İndi bizi uydurma iddia ilə ittiham edir. Onların işini danışmaq çətindir. Əlində tutarlı faktlar var, açıqlaya bilmirəm. Şahidin adını çəksəm, sabah ona hansısa yolla təzyiqlər edəcək. Vaxtı çatanda şahidləri bura gətizdirib, sübutları ortaya qoyacağam".
***
13:44
Şücayət Əkbərov deyib ki, maşınından tapılan silahların ona adiyyəti yoxdur:
"Həmin silahları Arif Alışanovun adamı Münasib Namazov qoyub. Sonra da polisə xəbər verərək, məni tutdurub. Mən heç vaxt silah görməmişəm, heç əsgərlikdə olanda da əlimə silah almamışam. Münasib Namazov ağdamlıdır, silahı da oradan yığıb Şamaxıya gətirib. Şamaxıda müharibə olmayıb ki, silah da olsun".
Şücayət Əkbərov qeyd edib ki, Arif Alışanovu öldürmək niyyəti olmayıb:
"Onun bütün əmlakları Hacının adına olub. Məndə olan məlumata görə, Arif Alışanovun 70 milyonluq əmlakı var. Vaxtı çatanda üstü açılacaq. Mən sübutlarla danışıram. Vaxtı çatanda sübuta yetirəcəm. Mən Arif Alışanovu niyə öldürməliyəm? Nə xeyrim olacaqdı? Onunla iş görürdük, pul qazanırdım. Daha onu niyə öldürməliydim? Mən çox adama torpaq satmışam, pul qazanmışam. Kimin nə torpağı var, hamısını bilirəm".
Şücayət Əkbərov çıxışında Arif Alışanovu ağır ittihamda günahlandırıb. Bildirib ki, Arif Alışanov 2016-cı ildə Şamaxıda bir qızı öldürüb, sonra çaya atıb:
"Bu səbəbdən məni aradan götürmək istəyib".
***
Prokurorun suallarını cavablandıran Şücayət Əkbərov bildirib ki, Şamaxı rayonunda Arif Alışanova 10 milyon manatlıq torpaq sahəsi satıb:
"Mənim məqsədim bu işdə pul qazanmaq oıub. Torpaq satandan da, alandan da pul almışam. Arif Alışanovun özündən pul almamışam. Pulu Hacı gətirib. Sənədləşmə işinə nəzarət etmirdim. Tanışlıq edirdim, sonra kənara çəkilirdim".
Şücayət Əkbərov qeyd edib ki, Arif Alışanov torpaqları ev tikmək üçün alıb. Onun sözlərinə görə, Arif Alışanovun Şamaxıda olan bağ evinin ərazisi 3 hektardır.
Növbəti proses martın 14-də davam edəcək.