Siyəzən rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, martın 8-də rayon sakini Rəşad Muradov polis şöbəsinə ərizə ilə müraciət edərək, ötən il dekabrın 29-da iş otağından içərisində 40 manat nəğd pul və balansında 360 manat pul olan plastik kartının olduğu pul kisəsinin naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş, 2-ci qrup əlil Hicran Qurbanov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayəti etiraf edib.
Otaqda heç kimin olmadığından istifadə edərək saxlanc yerindən pul kisəsini götürüb ordan uzaqlaşdığını bildirib.
Ətrafında aparılan araşdırmalarla onun törətdiyi digər cinayətlərin də üstü açılıb.
Belə ki, keçən ilin sentyabrın 1-də Hicran Qurbanov eyni üsulla Siyəzən Rayon Bələdiyyəsinin şöbə müdiri Azru Kərimovanın otağından sonuncuya məxsus içərisində 5500 manat və 1900 ABŞ dolları olan pul kisəsini, bu il fevralın 28-də Rayonun Mərkəzi Poliklinikasından Bənzər Niftəliyevaya məxsus içərisində 20 manat olan pul kisəsini oğurladığı məlum olub.
Bundan əlavə onun Sumqayıt şəhərində də eyni üsulla bir idarədən 3000 manat götürdüyü müəyyənləşdirilib.
Hicran Qurbanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İstintaq tədbirləri davam etdirilir.