14 Mart 2018 11:07
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və onun müavini, 1961-ci il doğumlu Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə Məhəməd Vəliyev ifadə verib.

Təqsirləndirilən şəxs bildirib ki, şahidlərin dediklərinin hamısı böhtandır: "2008-ci ildə Nazirlər Kabnetinin qərarı ilə Hövsan bələdiyyəsinə 10 hektar torpaq ayrılıb. Həmin torpaq Əfqanıstan veteranları üçün ayrılmayıb. Biz onlara torpaq sahəsi vermirik, bələdiyyəyə baxılması üçün göndəririk. Mən sədrliyə başlayanda məndən əvvəlki sədr bütün torpaqları vermişdi".
Təqsirlğndirilən şəxs bildirib ki, məhkəmədə ifadə verən şahidlərin heç biri cəmiyyətin üzvü deyil: "Hansı ki, onlar 1990-cı illərdə bir vəsiqə əldə ediblər. İndi də gəlib deyirlər ki, biz veteranıq. Vəsiqələrinə baxsazın görəcəksiz ki, onların müddəti də keçib".

Təqsirləndirilən şəxsin sözlərinə görə, rayon məhkəmələrində təşkilatın ləğv edilməsi ilə bağlı məhkəmə iclasları keçirilib: "Həmin şəxslərin məqsədləri təşkilatın ləğv edilməsi olub. Yenə də deyirəm ki, həmin şəxslərin iddiaları bizə qarşı şər və böhtandır".

Məhəmməd Vəliyev heç kəsdən pul almadığını, şahidlərin ittihamları ilə razı olmadığını deyib: "Heç şikayətçilərin çoxunu tanımıram. İnanmıram ki, digər təqsirləndirilən Cavan Əhmədov da onlardan pul alsın".

İttihama görə, təqsirləndirilən şəxslər vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq etməkdə, rüşvət almaqda və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunurlar.

Onlardan şikayət edən zərərçəkmişlər də veteranlardır.

Şikayətçilər bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.


Müəllif: Hacı Zeynalov