8 Avqust 2014 11:36
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taksi sürücüsünə basqında təqsirləndirilən 5 nəfərə bəraət verildi, müstəntiqlərin barəsində isə xüsusi qərar çıxarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirli bilinən 34 yaşlı Natiq Əliyev, 25 yaşlı Tural Quliyev, 27 yaşlı Ceyhun İsayev, 26 yaşlı Emil Məlikov, onun qardaşı, 20 yaşlı Elnur Məlikovun məhkəməsi başa çatıb.

İbtidai istintaq zamanı Natiq Əliyev, Tural Quliyev, Emil Məlikov, Elnur Məlikov və Ceyhun İsayevə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci (quldurluq) maddələri ilə ittiham verilib. Guya onlar 23 fevral 2013-cü il tarixdə, təxminən saat 22.00-da Keşlə qəsəbəsində taksi sürücüsü Yusif Murudova qarşı quldurluq planı qurublar. Onlar Yusifə idarə etdiyi “VAZ-21074" markalı avtomobilinin içində həyatı və ya sağlamlığı üçün təhlükəli olan zorakılıq ediblər. Dəstə üzvləri taksi sürücünə bıçaqla hədə-qorxu gələrək 36 manat pulunu alıblar.

Dəstə üzvləri ayrı-ayrılıqda həbs olunublar. Hadisədən bir gün sonra Natiq Əliyev, Tural Quliyev və Ceyhun İsayev, onlardan bir necə saat sonra isə Elnur Məlikov tutulub.

İstintaq orqanının gəldiyi nəticəyə görə, Elnur Məlikov 24 fevral 2013-cü il tarixdə, saat 13.00-da “Əhmədli” qəsəbəsində istintaqa məlum olmayan mənbədən 0,255 qram çəkidə narkotik vasitə heroin əldə edib. O, həmin narkotik vasitəni üstündə saxlayıb.

Həmin gün saat 19.00-da Nizami rayonu Babək prospektində yerləşən “Söyüdlü” kafesində Elnur Məlikov Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. O, 23-cü polis bölməsinə gətirilib, bölmədə Elnurun üzərinə baxış zamanı onda da narkotik vasitə aşkarlanıb.

“Həmin taksinin sürücüsü ilə 20 manata razılaşdıq”

Elnurun böyük qardaşı Emil Məlikovdan 0,280 qram çəkidə heroin əldə edib və üzərində saxlayıb. O, aprelin 18-də Azərbaycanı tərk etmək istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və 23-cü polis bölməsinə gətirilib. Ondan da narkotik vasitə tapılıb.

Cinayət işi hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb. Məhkəmə istintaqı zamanı mütəşəkkil dəstə üzvlərinin taksi sürücüsünə qarşı soyğunçuluq etmələri təkzib olunub. Natiq Əliyev ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, fevralın 23-də, saat 17.00-da qonşuları Tural, Emil, Elnur və Ceyhunla birlikdə Xırdalan şəhərinə gediblər: “Mən maşın alveri ilə məşğul olmuşam. Xırdalana getməkdə məqsədim satlıq maşına baxmaq olub. Lakin maşını gətirmədiklərinə görə bekar qaldım. Belə olduqda bir yerdə Xırdalan şəhərində, bazarın yanında olan çayxanaya getdik. Çay içib çıxdıq və işıqforun yanında Keşləyə gəlmək üçün boz rəngli taksi avtomaşınına mindik. Həmin taksinin sürücüsü ilə 20 manata razılaşdıq. Yol haqqını Tural danışmışdı”.

“Polislər evə gəldilər”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Xırdalandan təxminən saat 21.30-da yola düşüblər: “Mən avtomaşında sürücünün yanında, Tural, Elnur, Ceyhun və Emil arxa oturacaqda oturmuşdu. Babək prospektində Keşlə qəsəbəsinə girişə çatanda mən və Tural avtomaşından düşdük. Piyada evə getdik. Elnur, Ceyhun və Emil taksidə qaldılar. Bir müddət sonra evə polis əməkdaşları gəldi. Polislər fevralın 23-də harada oldmağımız ilə maraqlandılar. Onlarla bir yerdə polis bölməsinə getdik. Məndən taksi sürücüsünə qarşı quldurluq edib-etmədiyimi soruşdular. Turalla bir yerdə maşından Babək prospektində düşüyümüzü və evə getdiyimizi dedim. Polislərə heç bir qeyri-qanuni hərəkətlər etmədiyimi bildirdim”.

“Mənə şər atıblar”

Natiq Əliyev deyib ki, onun bu cinayətdən xəbəri olmayıb, heç bir quldurluq cinayəti etməyib: “Həmin vaxt cibimdə 400 manata yaxın pulu olub. Lakin uşaqların cibində pulu olmadığını bilməmişəm. Bilsəydim taksinin gediş haqqını ödəyərdim. Bütün bunlar polis əməkdaşlarının zərərçəkmişə təzyiqləri nəticəsində mənə atılmış şərdir.

Zərərçəkmişin dediyinə görə, qabaq oturacaqda əyləşdiyim vaxtda sol ayağımla sürücünün sağ ayağına vurmuşam. Bu heç bir halda mümkün deyil. Çünki “07" markalı avtomaşında arxa oturacaqda 4 nəfər oturduğu halda mənim kimi canlı bir şəxsin bunu etməsi mümkün ola bilməz. Aydın görünür ki, bunlar hamısı yaxşı düşünülmədən quraşdırılan şərdir.

Babək prospektində maşından Turalla düşmüşük. Mən əvvəlcə bacımgilə getmişəm, evimizə qayıtdıqdan sonra heç yerə çıxmamışam. Bunu bacım və anam da təsdiq edə bilərlər. Hətta istintaq zamanı mən və mənimlə birlikdə mühakimə olunanlar dəfələrlə vəsatət vermişik ki, həmin yerdə olan kameranın görüntüləri çıxarılsın. Amma müstəntiq naməlum səbəbdən həmin görüntüləri uzun müddət çıxarmayıb.
İstintaqın sonuna yaxın yeni müstəntiq ilkin kamera görüntülərinin çıxarılmasına cəhd etdi. Ancaq artıq vaxtı keçdiyinə görə həmin görüntülərin saxlanmadığı bildirildi. Nəticədə bizim üçün əhəmiyyətli olan sübut itirildi. Taksi sürücüsü bir neçə dəfə ifadə verərək ona qarşı heç bir quldurluq hərəkətinin olmadığını desə də, polis əməkdaşları bu ifadələrdən xəbər tutublar və onu polis bölməsinə aparıblar. Sürücüyə polis bölməsində təzyiq göstərilib və onu ifadəsini dəyişmək məcburiyyətində qoyublar. Odur ki, həqiqətin aşkar edilməsi üçün ümidlərimizi yalnız məhkəmə istintaqına bağladıq. İnanırıq ki, məhkəmə bütün bu haqsızlıqlara göz yummayacaq və ədalətli qərar qəbul edəcək".


“Cəzası nədirsə, çəkməyə hazıram”

Zərərçəkmiş şəxs qismində dindirilən taksi sürücüsü Yusif Muradov təqsirləndirilən şəxslərin ifadəsinə uyğun danışıb. O, ittiham olunan şəxsləri Keşlə qəsəbəsinə 20 manata gətirməyi razılaşdığını deyib və əlavə edib ki, Natiq və Tural Keşlə qəsəbəsinə çatanda düşüblər: “Maşında qalan üç nəfər Keşlənin içərisinə sürdürdülər. Həmin üç nəfər gözəllik salonunun yaxınlığında maşından düşdülər və pulu gətirəcəklərini bildirdilər. Bir müddət gözlədim, gəlmədilər. Əsəbləşdiyim üçün ”102" xidmətinə zəng vurdum.

Bir qədər sonra polis əməkdaşları gəlib məni 23-cü polis bölməsinə apardılar. Əsəbi olduğuma görə polisə verdiyim ərizəmdə və ibtidai istintaq zamanı ifadələrimdə bu adamların məni soyduqlarını bildirmişəm. İstəmirəm ki, 5 nəfərin ailəsi mənim üzümdən günahsız cəzalandırılsın. Bunun cəzası nədirsə, çəkməyə hazıram. Mənə bıçaq çəkilməyib, pulumu da almayıblar".

Taksi sürücüsü məhkəmədə ifadə verəndən sonra polisdə yenidən təzyiqlərə məruz qalıb. O, məhkəməyə teleqram vuraraq təkrar dindirilməsini xahiş edib. Buna görə də məhkəmə Yusif Muradovu təkrar dinləyib. O, təkrar dindirilmə zamanı bildirib ki, ona Abşeron rayon polis idarəsindən zəng gəlib: “Polis idarəsinə gedən kimi şəxsiyyət vəsiqəmi, tex-pasportumu və maşınımın açarlarını əlimdən aldılar”.

Abşeron polisində təzyiqlərə məruz qaldığını vurğulayan sürücü deyib ki, daha sonra onu 23-cü polis bölməsinə aparıblar. Onun sözlərinə görə, bölmədə yalan danışmaqla həbs olunacağı ilə hədələnib. Zərərçəkmiş həmçinin ona polis orqanları tərəfindən təzyiqlər olduğundan təhlükəsizliyinin təmin edilməsini xahiş edib.

Şahid ifadələri dinləndikdən sonra hökm elan edilib. Məhkəmənin hökmü ilə Natiq Əliyev, Tural Quliyev, Ceyhun İsayevə bəraət verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. Emil və Elnur Məlikov qardaşlarına quldurluq ittihamı üzrə bəraət verilsə də, onlar azad edilməyiblər. Çünki hər iki qardaş həbs olunan zaman üzərlərindən narkotik vasitə aşkar olunub.

Narkotik ittihamı ilə mühakimə olunan Emil 3 il, Elnur 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə Məlikov qardaşlarına narkomaniyadan əziyyət çəkdikləri üçün məcburi müalicə təyin edib.
Məhkəmə cinayət işinin ibtidai istintaqını aparan Nizami rayon Polis İdarəsinin müstəntiqləri Rüfət Allazov və Əli Əhmədovun barələrində xüsusi qərar çıxarıb. Qərar icra olunması üçün müvafiq quruma göndəriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər