Siyəzən rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Balaca Həmyə kənd sakini Məmmədpaşa Yarıyev Siyəzən rayon polis şöbəsinə ərizə ilə müraciət edib.
O, martın 4-də kəndin kənarında olan örüş sahəsindən bir baş iribuynuzlu mal-qarasının oğurlandığını bildirib.
Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən iki şəxs saxlanılaraq şöbəyə gətirilib.
Ətraflarında aparılan araşdırmalarla onların Siyəzən şəhər sakinləri Vüqar Məmmədov və tanışı əvvəllər məhkum olunmuş Amid Qafarov olduğu müəyyən edilib. Dindirilmə zamanı onlar törətdikləri cinayəti etiraf edərək, oğurladıqları heyvanı satdıqlarını bildiriblər.
Ətraflarında aparılan tədbirlərlə onların digər cinayətlərinin də üstü açılıb.
Belə ki onların fevralın 5-də həmin kənd ərazisində Eltac Tanrıverdiyevə məxsus dəyəri 1750 manat olan iribuynuzlu mal-qaranı oğurlayaraq satdıqları məlum olub.
Polis əməkdaşları tərəfindən oğurlanan heyvanların satıldığı şəxslər müəyyən edilərək, mal-qara onlardan götürülüb və zərərçəkmişlərə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.