8 Avqust 2014 17:57
3 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində silahlı cinayətlər və oğurluq hadisələri törətməkdə təqsirli bilinən Lətif Nəbiyev, Əziz Əzizov və Sadiq Hüseynovun məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər ötən ilin Fevralın 18-də Qobustan rayonu, Təklə kəndi ərazisində hüquq-mühafizə orqanlarınlın əməkdaşları tərəfindən saxlanılıblar. Avtomobildə olan şəxslər dərhal tutularaq, rayon polis şöbəsinə aparılıb. Maşına baxış keçirilərkən oradan AKM markalı odlu silah da aşkarlanaraq götürülüb.

Məlumata görə, saxlanılan şəxslərdən Lətif Nəbiyev həbs olunmamışdan bir neçə ay əvvəl Şamaxı rayonunda Əziz Əzizov və Sadiq Hüseynovla birlikdə Anar Əliyevin avtomobilini gülləbaran edib. Lakin güllələr maşına dəysə də, xəsarət alan olmayıb.

Lətif Nəbiyev və Sadiq Hüseynov kriminal aləmə bağlı şəxslərdir. Həm Lətif Nəbiyev, həm də Sadiq Hüseynov özlərini Şamaxıda “qanuni oğru” elan ediblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd), 177.2.3, 177.2.4-cü (oğurluq), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunublar. Məhkəmənin hökmü ilə Sadiq Hüseynov 12 il 6 ay, Lətif Nəbiyev 12 il 6 ay, Əziz Əzizov 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif: