27 Mart 2018 16:05
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda adam oğurluğunda təqsirləndirilən Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Turab Nağıyevin 12 il, Şahmar Nağıyevin 10 il, Altay Əliyevin isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses aprelin 3-də davam edəcək.

İttihama görə, təqsirləndirilən şəxslər Pərviz Quliyevi oğurlayıblar. Onlar Pərviz Quliyevin və tanışlarının 2016-cı ilin yanvarında "Odlar Yurdu" Universitetindən külli miqdarda pul oğurladığını biliblər.

Onlar oğurluq zamanı əldə olunmuş pullardan faydalanmaq məqsədilə Pərviz Quliyevə və digər dəstə üzvlərinə zəng edərək, polisə xəbər verməyəcəklərini söyləyib, bunun qarşılığında pul tələb ediblər.

Pərviz Quliyev tələbi rədd edəndə, onlar 2016-cı il martın 13-də kafedən çıxan Pərvizin qabağını kəsib, ona zor tətbiq etməklə Altay Əliyevin avtomobilinə mindiriblər.

Pərvizi başqa kafeyə apararaq döyüblər, əldə etdiyi puldan onlara da verməli olduğunu bildiriblər. Pərviz Quliyev pulu olmadığını dedikdə dəstə üzvləri 40 min manata təzə ev aldığını xatırladaraq həmin evi satmasını tələb ediblər.

Evi satan Pərviz Quliyev onlara əvvəl 15 min manat, daha sonra əlavə 3 min manat verib.

Xatırladaq ki, 2017-ci ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsində "Odlar Yurdu" Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat olan seyfi oğurlamaqda ittiham olunan şəxslərə hökm oxunub.

Hökmə əsasən, Sübhan Ələkbərov 7 il, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasovun hər biri 9 il, Vüqar Vəliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər