Bakının Nizami rayonu ərazisində bacısını öldürməyə cəhddə təqsirli bilinən 1996-cı il təvəllüdlü Camal Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Camal Əliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Növbəti proses aprelin 4-də davam edəcək.
İttihama görə, Nizami rayonun 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsində 1990-cı il təvəllüdlü Tahirə Əliyevanı qardaşı, 1996-cı il təvəllüdlü Camal Əliyev bıçaqlayıb.
Camal Əliyev bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub. Qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Camal Əliyev həbs edilib.
Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib.
Bakıda yaşayan Tahirə Əliyeva bir neçə ay əvvəl ərindən ayrılıb və ayrı evdə yaşamağa başlayıb. Ərindən ayrılan qadın müxtəlif ünvanlarda işləməyə başlayıb.
Gürcüstanda yaşayan Camal bacısının ərindən ayrıldığını, ayrı-ayrı yerlərdə işlədiyini eşidib. Bu məsələ ilə bağlı Bakıya gələn Camal Əliyev bacısını izləyib.
Camal Əliyev bacısına işləməkdən və başqa kişi ilə münasibət saxlamaqdan əl çəkməsini tələb edib. Amma Tahirə Əliyeva buna etirazını bildirib.
Bundan əsəbləşən Camal Əliyev bacısına 13 bıçaq zərbəsi vurub.
Tahirə Əliyevanın iki övladı var. Cinayəti törədən Camal Əliyev də ailəlidir, onun 1 azyaşlı oğlu var.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.