Bakıda voleybolçu Anjelika Morozovanı qətlə yetirməkdə ittiham olunan Qazax rayon sakini Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə şahid Elşən Ələsgərov yenidən ifadə verib.
Həmin şahid cinayət işinə yeni qoşulan vəkil Adəm Məmmədovun təkidi ilə dindirilib.
O, təqsirləndirilən şəxsi və mərhum qadını tanıdığını deyib. Onun sözlərinə görə, Anjelikagilə həyat yoldaşı ilə bir dəfə gedib: “Həmin vaxt onlara getməkdə məqsədim pərdə asmaq olub. Həmin zaman onun evindən xoşagəlməz qoxu gəlirdi. İki ildir onu görmürdüm. Mənim Anjelikaya borcum olmayıb”.
Namiq Vəkilov şahidin yalan danışdığını deyib. O bildirib ki, Anjelika Morozovanı Elşən Ələsgərovun öldürüb: “Elşən mənə hədə-qorxu gəldi ki, hadisə barədə heç kəsə danışmayım. Elşəni qadının evindən çıxanda gördüm. Mən içəri daxil olanda çölə çıxardıb, maşına mindirdi. İki qızıl üzük verib, Qazaxa getməyimi istədi. Elşənin qadına borcu var idi”.
Elşən Ələsgərov təqsirləndirilən şəxsin onu şərlədiyini deyib.
Daha sonra şahid Elşən Ələsgərovla Namiq Vəkilovun ailə üzvləri məhkəmədə mübahisə edib. Hakim hər iki tərəfə xəbərdarlıq edib.
Növbəti proses aprelin 18-də davam edəcək.
İttihama görə, bu il fevralın 24-də Hövsan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti mərhumun tanışı, 1985-ci il təvəllüdlü Namiq Vəkilovun törətdiyi müəyyən edilib. O, hadisədən bir gün sonra Qazax rayonu ərazisində tutulub.
Məlum olub ki, Namiq Vəkilov fevralın 24-də Anjelika Morozovanın Hövsan qəsəbəsindəki evinə gəlib. Onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Namiq Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub.
Anjelika Morozova tək yaşayıb, qapalı həyat tərzi sürüb. O, voleybolçu olub.
Namiq Vəkilov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.