Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş vermiş silahlı insidentdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun barələrində olan hökmdən apelyasiya şikayəti verilib.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Onların şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Yaxın günlərdə şikayət üzrə məhkəmə prosesi başlanacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qarazədə 7 il, Samir Allahyarov (Ayqam Samir) 10 il, Fuad Əsgərov (Astarılı Fuad) 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il, Araz Vəliyev 3 il azadlıqdan məhrum edilib.
İttihama görə, cinayət hadisəsi 20015-ci il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev və digər şəxslər tutulub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham edilib.
Hadisə kriminal aləmdə nüfuza malik olan Lotu Quli ləqəbi ilə tanınmış Nadir Səlifov və Rövşən Lənkəranski ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları arasında baş verən mübahisə ilə bağlı törədilib.