Bakıda xuliqanlıqda təqsirli bilinən iş adamı Azadxan Xanməmmədov, Riyad mühafizə xidmətinin əməkdaşları Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumaları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib.
Prosesdə prokuror tərəfindən apelyasiya protestinin verildiyi də müəyyən edilib. Dövlət ittihamçısı Hilal Abbasovun imzası ilə verilən protestdə təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması tələb olunub.
Məhkəmə baxışı aprelin 9-na təyin edilib.
Binəqədi rayon Məhkəməsinin hökmü ilə Azadxan Xanməmmədov 4 il, Emin İsgəndərov 4 il, Savalan Məhərrəmov 3 il, Məzahir Qurbanov 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə digər şəxsləri 2 il islah işlərinə məhkum edib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər və onların müdafiəçiləri apelyasiya şikayəti veriblər. Şikayətdə təqsirləndirilən şəxslər barəsində bəraət hökmünün çıxarılması istənilib.
Həmçinin Binəqədi rayon Məhkəməsində çıxış edən dövlət ittihamçısı Hilal Abbasov da apelyasiya şikayəti verərək, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.
Qeyd edək ki, Binəqədi rayon Məhkəməsində çıxış edən prokuror Azadxan Xanməmmədovun 4 il, Emin İsgəndərovun 7 il, Aris Həsənovun 3 il 6 ay, Ramin Hüseynovun 3 il 6 ay, Məzahir Qurbanovun 4 il, Ramil Hüseynovun 3 il 6 ay, Təbriz Hüseynin 3 il 6 ay, Rafiq Vəliyevin 3 il 6 ay, Murad Məmmədovun 3 il 6 ay, Elvir Vəliyevin 3 il 6 ay, Azər Əliyevin 3 il 6 ay, Əvəz Ağayevin 3 il 6 ay, Savalan Məhərrəmovun 4 il, Yadigar Əliyev 3 il 6 aymüddətinə azadlıqdan məhrum edilməsini təklif edibmiş.
İttihama görə, ötən il iyunun 8-də səhər saatlarında Riyad Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi, 1 ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb.
Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb. İnsidentin səbəbinə gəlincə, bir müddət əvvəl sahibkar Azadxan Xanməmmədov sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satıb, amma sənədləri rəsmiləşdirməyib, əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.
O, mağazanın boşaldılması üçün Riyad Mühafizə Xidmətinə müraciət edib.
Hadisə ilə bağlı Azadxan Xanməmmədov, Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayev saxlanılaraq istintaqa cəlb olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə ittiham ediliblər.