Külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən AtraBank Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuş Elmixan Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Elmixan Nəbiyevin vəkili cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib. Bu səbəbdən növbəti proses aprelin 18-nə təyin edilib.
İttihama görə, AtraBank Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olmuş Elmixan Nəbiyevin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırlıb.
İstintaq zamanı Elmixan Nəbiyevin AtraBank ASC İdarə Heyətinin sədri işləyərkən bank sahəsində qüvvədə olan qanunvericiliyin şərtlərini pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələr təşkil etmək yolu ilə faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirib.
Daha sonra o, rəhbərlik etdiyi bankın tələb olunan formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaradıb, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirərək mənimsəyib.
Elmixan Nəbiyev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda tərədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AtraBank ASC ilə yanaşı Bank Standard QSC, ZaminBank ASC, Bank of Azerbaijan ASC, GəncəBank ASC-nin, həmçinin ləğvetmə prosesində olan digər bankların vəzifəli şəxsləri barəsində, habelə qeyd edilən banklardan külli miqdarda kredit götürərək müxtəlif üsullarla, o cümlədən mənimsəmə və ya digər formada talamaqla həmin kreditləri ödəməyən fiziki və hüquqi şəxslər barəsində istintaqı aparılan cinayət işləri üzrə qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ilə birgə zəruri tədbirlər davam etdirilir.