4 Aprel 2018 15:14
5 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda qətl törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Seymur Əlövsətlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Seymur Əlövsətli 25 sentyabr 2016-cı il tarixdə, saat 14 radələrində Şəmkir rayonu Keçili kənd sakini İlham Qarayevin qızı Əzimənin toy məclisinə gəlib.

O, toy mağarında süfrəyə qoyulmuş meyvələrdən üzümün qurtardığını görüb, ofisianta üzüm sifariş edib. Bu zaman İlham Qarayevin qardaşı Qabil masaya yaxınlaşıb və sifarişlə bağlı Seymur Əlövsətliyə narazılığını bildirib. Daha sonra mübahisəyə aydınlıq gətirmək üçün Seymuru mağardan çölə çağırıb.

Seymur Qabil Qarayevin arxasınca getmək istəyib. Amma onunla eyni masada əyləşmiş Ruslan Həmidli və Pərvin Məmmədov, qonşu masada oturmuş Xaliq Rüstəmov Seymura getməməyi məsləhət görüb.

Seymur Əlövsətli bir neçə dəfə rəqs edib, sonra yenidən əvvəl əyləşdiyi masaya qayıdıb.

Saat 17 radələrində bəy evi tərəfin qonaqları ilə toydan getməyə hazırlaşıb. Bu vaxt Qabil Qarayev onu darvazadan mağarın qarşısına çağırdığını görüb. Onlar birlikdə İlham Qarayevin həyətindəki istilikxananın qarşısına gediblər. Yenidən mübahisə başlayıb.

Seymur Əlövsətli Qabil Qarayevi qaldırıb, zərblə yerə çırpıb. Qabilin xəsarət aldığını görən Seymur Əlövsətli oradan qaçıb.

Bir neçə saat halsız vəziyyətdə qalan Qabil Qarayevi ailə üzvləri tapıb, xəstəxanaya aparıblar. Tibbi yardım göstərilməsinə baxmayaraq, Qabil Qarayevin həyatını xilas etmək mümkün olmayıb. O, ertəsi gün xəstəxanada vəfat edib.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Seymur Əlövsətli həbs edilib.

Seymur Əlövsətliyə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Əlövsətli 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Seymur Əlövsətli apelyasiya şikayəti verərək barəsində olan hökmün dəyişdirilməsini, ona daha yüngül cəza verilməsini xahiş edib.

Həmçinin hökmündən narazı qalan zərərçəkmiş Qabil Qarayevin hüquqi varisi, oğlu Asiman Qarayev də apelyasiya şikayəti verib, cəzanın ağırlaşdırılmasını istəyib.

Hər iki tərəfin şikayəti Gəncə Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim heyəti tərəflərin şikayətini təmin etməyib.

Bu qərardan narazı qalan Seymur Əlövsətli kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə Seymur Əlövsətlinin kasasiya şikayətinin təmin edilməməsi barədə qərar elan edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər