5 Aprel 2018 13:12
4 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:50

Bakıda xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə Rüstəm Orucovun vəkili Kamandar Nəsibovun qaldırdığı vəsatətlə bağlı qərar elan olunub.

Qərara əsasən, məhkəmə qismən istintaqla aparılacaq.

Prosesdə təqsirləndirilən Rüstəm Orucov sərbəst ifadə verib. O bildirib ki, hadəsədən əvvəl sürücü Sənan Səmədov onu söyüb.

***

Məhkəmədə ifadə verən Rüstəm Orucov hadisə barədə danışıb.

O, bildirib ki, hadisə baş verən günü, axşam saat 8-9 radələridə avtomobilində "Əcəmi dairəsi"ndə tıxacda dayanıb:

“Həmin vaxt böyrümdə dayanan avtobus sürücüsü dayanmadan siqnal verirdi. Ona nə üçün belə siqnal verdiyini soruşdum. Mənə kor olduğumu dedi. Maşından düşərək, onun nömrəsini istədim. Amma mənə nömrəsini vermədi. Sonra maşına mindim və pəncərəni aşağı endirdim. Bu zaman sürücü mənə var-yox söyüşü söydü”.

Rüstəm Orucov bildirib ki, ondan yenə nömrəsini istəyib:

“Dedi ki, arxamca gəl, sənin başını kəsəcəm. Bu səbəbdən onun arxasınca getdim. Sonuncu dayanacaqda onu gözlədim. Hər kəs maşından düşdü. Dispetçer yaxınlaşdı. Ona dedim ki, mənim var-yoxumu söyüb, üzr istəsin, sonra gedəcəm. Sürücü mənə əl edib, yanına çağırdı. Onun yanına getdim. Ondan niyə söyüş söydüyünü soruşdum. Mənə bildirdi ki, söyüləsi adamsan, ona görə də söydüm. Mən də onu vurdum. Sürücü yerə yıxıldı. Sonra mən oradan getdim".

Rüstəm Orucov qeyd edib ki, digər təqsirləndirilən şəxslər hadisə zamanı onun yanında olmayıb:

"Onlar həmin zamanı hadisə yerindən keçdiklərini, mənim orada adam vurduğumu gördüklərini bildirdilər. Hadisədən əvvəl dostumuz əsgərlikdən gəlirdi, onu qarşılayıb restoranda oturacaqdıq. Maşınımda tək olmuşam".

Daha sonra digər təqsirləndirilən şəxslərin hər ikisi dindirilib. Onlar hadisə yerində olmadıqlarını qeyd ediblər.

Növbəti proses aprelin 10-da davam edəcək.

Binəqədi rayon Məhkəməsinin hökmü ilə Rüstəm Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Pərviz Abbasov və Kənan Vəliyevin hər birinə 1 il 6 ay cəza kəsilib. Onlar məhkəmə zalında həbs ediliblər.

İttihama görə, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMV markalı avtomobillə yol hərəkəti qaydalarını pozub.

Rüstəm Orucova əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaqda təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Hadisənin digər iştirakçıları Kənan Vəliyev və Pərviz Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Müəyyən edilib ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub. O, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

Rüstəm Orucov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilib.

Qeyd edək ki, Rüstəm Orucov Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən işləmiş general-mayor Novruzəli Orucovun oğludur.

Novruzəli Orucov bu hadisədən sonra tutduğu vəzifədən azad edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər