Bakının Nəsimi rayonunda soyğunçuluq baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Rəsul Rza küçəsində Bakı şəhər sakini olan bir gənc 2 nəfərin hücumuna məruz qalıb.
Gecə saatlarında naməlum şəxslər zərərçəkmişə hədə-qorxu gələrək 2100 manat pulunu və qol saatını alıblar.
Zərərçəkmiş 22-ci polis şöbəsinə müraciət edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini Camaləddin Əzizov və Yevlax rayon sakini Fərid Novruzlu həbs edilib.
Məlum olub ki, hər iki şəxs əvvəllər məhkum olunublar. Onların dostluğu həbsxanada yaranıb. Azadlığa çıxandan sonra yenidən eyni əməlləri davam etdirməyə başlayıblar.
Faktla bağlı cinayət işi başlanıb.