Bakıda dələduzluqda təqsirləndirilən Ceyran İsmayılova və Türkay Əkbərlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Onların barəsində 1 il sınaq müddəti seçilməklə, cəzaları şərti hesab edilib.
Məhkəmənin qərarı ilə hər iki təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
İttihama görə, Ceyran İsmayılova və Türkay Əkbərli Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham olununlar.
Onlar iş adamı Bəhruz Nağıyevin 400 min manat pulunu mənimsəməkdə təqsirli biliniblər.
İttihama görə, Türkay Əkbərli ilə Bəhruz Nağıyev sevgi münasibətləri olub. Türkayın dələduzluğu Ceyran İsmayılova ilə əlbir törətdiyi qeyd olunur.
Türkay Əkbərli bildirib ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Bəhruz Nağıyevdən pulu sələmə götürüb.
Onun sözlərinə görə, sonradan sələmlə bağlı gələn faizi ödəyə bilmədikləri üçün pulun məbləği iki qat artıb və Bəhruz Nağıyevə borclanıblar.
Bəhruz Nağıyev qeyd edib ki, pulu hər iki qadına iş qurmaq adı ilə verib.