7 Aprel 2018 20:55
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda 4 avtomobildən oğurluq edən şəxs həbs olunub.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində 4 avtomobildən pul və məişət əşyaları oğurlanması barədə Yasamal rayon Polis İdarəsinə məlumat daxil olub.

Oğurluq hadisələrinin üstünün açılması üçün 26-cı və 27-ci polis bölmələrinə tapşırıq verilib.

İki bölmə əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəvan Abdullayev saxlanılıb.

Rəvan Abdullayevin ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, onun Səbail rayonu ərazisində “Ford” markalı avtomobildən 300 manat pul və kosmetik əşyalar da oğurlayıb.

Bundan başqa, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində avtomobillərdən oğurluq edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Əliyarov saxlanılıb. Şəxsi axtarış zamanı onda narkotik vasitə olan tiryək də aşkar edilib.

Məlum olub ki, Hüseyn Əliyarov rayon ərazisində iki qadının avtomobilindən oğurluq edib.

39-cu polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Kəmalə Abbasovanın “Nissan” markalı avtomobilindən 550 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Taliyə Mustafazadə saxlanılıb.

Bundan başqa, Gəncə şəhər Baş Polis İdarəsində də oğurluq hadisələrinin üstünün açılması üçün rayon polis idarələrinə göstəriş verilib.

Gəncənin Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-mart ayları ərzində rayon ərazisindəki 4 evdən məişət əşyaları, habelə 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kəmaləddin Qasımov saxlanılıb.

Bundan başqa, Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yanvarın 23-də şəhər sakini Elyar Zeynalovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Əli İbrahimov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun cari ilin yanvar-mart ayları ərzində rayon ərazisində 2 mağazadan pul və 22 metr su borusu, habelə 9 evdən pul və məişət əşyaları, 4 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.

Bütün faktlarla bağlı cinayət işləri başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər