Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən cibgirlik edən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, şöbəyə müraciət edən zərərçəkən rayon ərazisində yerləşən apteklərdən birinə müştəri kimi daxil olan zaman cibindən naməlum şəraitdə içərisində 120 ABŞ dolları və 100 manat olan pul kisəsinin oğurlandığını bildirib.
Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Hüseyn Abbasov saxlanılıb.
Qeyd edək ki, saxlanılan şəxsin aptekdə törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb.
Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində cinayəti etiraf edib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.
Polis əməkdaşları cibgirlik etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.
Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov rayon Polis İdarəsinə və ya 18-ci polis şöbəsinə müraciət edə bilərlər.