Bakıda dələduzluqda təqsirləndirilən Seymur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Pərvin Hüseynzadə ifadə verib.
O, ifadəsində BP şirkətinə işə düzəlmək üçün Seymur Əhmədova 4 min manat pul verdiyini deyib: “Dedi ki, Neftçilərin bayramıdır, saat 12-yə kimi çalış pulu çatdır. "Şamaxinka"da ona 4 min manat verdim. Sonradan dedi ki, sənədlər müsabiqədən keçməyib. Dəfələrlə zəng vurdum, cavab vermədi, sonra telefonuna zəng çatmadı. Belə bir vəziyyət ağlıma da gəlməzdi. Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə gedib izahat yazdım. Sonradan məlum oldu ki, Seymuru tutublar, Kürdəxanıda saxlanılır”.
Təqsirləndirilən Seymur Əhmədov onun dediklərini təsdiqləyib.
Növbəti proses aprelin 19-da davam edəcək.
İttihama görə, Seymur Əhmədov BP neft şirkətinə işə düzəltmə adı ilə 6 nəfərə qarşı 20 min manata yaxın ziyan vurub.
Həbs edilən Seymur Əhmədovun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.