Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə ittiham olunan Beyləqan rayon sakini, 1968-ci il təvəllüdlü Vəkil Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Vəkil Əsədov 5 dekabr 2016-cı ildə saat 17.44-də Sumqayıt şəhəri, 3-cü mikrorayonda olarkən ictimai təhlükəsizliyi, hüquq mühafizə orqanlarının normal fəaliyyətini pozmaq və gərginlik yaratmaq məqsədi ilə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə zəng vurub.
Vəli Əsədov zəng xidmətinə cavab verən şəxsə deyib ki, 11 iyun 2016-cı il tarixdə Sumqayıt şəhərində Zaur adlı şəxs tərəfindən döyülməsi barədə etdiyi müraciətə şəhər polis idarəsinin 4-cü polis bölməsində araşdırma aparılmır.
O buna etiraz olaraq çantasında olan 1300 patron və “Kalaşnikov” markalı avtomatla olduğu yerdə - Bakının “20 Yanvar”, habelə “Memar Əcəmi”, habelə “28 May” metrostansiyaları yaxınlığında qarşısına çıxan hər kəsi güllələyərək öldürəcəyini deyib.
Bununla da Vəli Əsədov insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan hərəkətlər edib, terrorçuluq barədə bilə-bilə yalan məlumat verib.
İstintaq orqanı tərəfindən Vəkil Əsədovun barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəkil Əsədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Vəkil Əsədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini xahiş edib.
Vəkil Əsədov bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bir kəlmə telefon zənginə görə ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası kəsib.
50 yaşa çatdığını deyən təqsirlıəndirilən şəxs bildirib ki, uşaqları gözüyaşlı qalıb: “Mənim üçün bu müddətə azadlıqdan məhrum edilmək çox çətindir. Buna görə də işimin yüngülləşdirilməsini, barəmdə həbs olmayan cəza növünün təyin edilməsini xahiş edirəm”.
Vəkil Əsədovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Şikayət hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edilib. Vəkil Əsədovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 5 ilə endirilib.