7 May 2018 14:57
3 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları cinsi istismara məruz qoymaqda təqsirli bilinən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Nəsrin İbrahimli 2014-cü ilin noyabrın ortalarında Samirə Əliyevanın (cinayət işimdə adı keçən zərərçəkmişlərin ad və soyadları şərti verilib – red.) maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib, onu Dubay şəhərində işə düzəldəcəyinə vəd verib.

Nəzrin İbrahimli Samirə Əliyevanı aldadaraq cinsi istismar məqsədi ilə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə aparıb, orada yerləşən “Moskva” hotelində cinsi istismara məruz qoyub.

Daha sonra o, həmin ilin dekabrında Səmayə Məmmədovanın maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib və onu Dubay şəhərində işə düzəldəcəyini vəd edib.

Səmayə Məmmədova onun təklifi ilə razılaşandan sonra insan alveri məqsədi ilə pasportunu götürüb və özündə saxlayıb. O, həmin tarixdən 2015-ci ilin aprelinədək olan müddətdə Səmayə Məmmədovanı Dubay şəhərində yerləşən “Moskva” hotelində kişi cinsli şəxslərə təqdim etməklə cinsi istismar edib.

Bundan başqa, Nəzrin İbrahimli 2015-ci ilin yanvarında Könül Babayevanın maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib, onu Dubay şəhərində işə düzəldəcəyini vəd edib.

O bu adla Könül Babayevanı Dubay şəhərinə aparıb, orada “Moskva” hotelində həmin ilin martın 4-dək olan müddət ərzində mütəmadı olaraq ayrı-ayrı kişilərlə görüşdürüb, cinsi istismara məruz qoyub.

Nəzrin İbrahimli hər üç qadının kişilərlə görüşdürən zaman müştərilərdən xeyli miqdarda pul alıb, pul müqabilində görüşən qadınlara isə az miqdarda pul verib.

İstintaq orqanı tərəfindən Nəzrin İbrahimlinin barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-2.2.2-ci (təkrar insan alveri törətmək) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Nəzrin İbrahimli apelyasiya şikayəti verib. O, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Nəzrin İbrahimlinin şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Nəzrin İbrahimli kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Nəzrin İbrahimlinin kasasiya şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov