11 May 2018 16:19
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluq və oğurluq etməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Mövlan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Mövlan Quliyev tamah niyyəti ilə Azər Mustafayevə qarşı dələduzluq edib.

O, Azər Mustafayevin zərgərlik sahəsində birgə iş quraraq, qazanc əldə edəcəklərinə dair yalan vəd verib.

Aldatma yolu ilə Azər Mustafayevdən 6 noyabr 2016-cı il tarixdə Sumqayıt şəhərində Sülh küçəsi ilə Nəriman Nərimanov küçəsinin kəsişməsində 2000 manat, noyabrın 9-da yenə də həmin ünvanda 2000 manat, daha iki gün sonra isə 1100 manat alıb.

Mövlan Quliyev sonuncu dəfə Azər Mustafayevdən noyabrın 15-də 2000 manat dəyərində 40 qram çəkidə, 585 əyarlı qızıl saat sepini alıb.

Bundan başqa, Mövlan Quliyev 2 may 2017-ci il tarixdə, saat 12 radələrində Anar Həsənovun yaşadığı Binəqədi rayonu, 1-ci mədən ünvanında yerləşən fərdi evin hasarını aşaraq həyətə girib. O, evin 1-ci mərtəbəsində olan pəncərənin üzərindəki dəmir barmaqlıqları dəmir parçası ilə sındırmaqla yaşayış sahəsinə daxil olub.

Mövlan Quliyev evin 2-ci mərtəbəsinin bağlı qapısını da həmin dəmir parçası ilə açaraq, orada olan dolabdan 10.000 manatı və 5453 manat dəyərində qızıl-zinət əşaylarını götürüb.

İstintaq orqanı tərəfindən Mövlan Quliyevin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mövlan Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Mövlan Quliyev apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Mövlan Quliyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyətinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, Mövlan Quliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi həmin məcəllənin 177.2.2-ci (təkrar oğurluq törətmək), 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələrinə tövsüf edilib.

Məhkəmə Mövlan Quliyevin barəsində olan cəzanı 3 il 6 aya endirib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab edilib.

Mövlan Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalından azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov