14 May 2018 16:02
2 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən 1977-ci il təvəllüdlü Zahir Abdurzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Zahir Abdurzayev 27 avqust 2016-cı il tarixdə, saat 20 radələrində Qusar rayonu Quxur-oba kəndində anası Raifat Abdurzayevaya məxsus fərdi yaşayış evinin mətbəxində olarkən arvadı Nübar Şəkixanovanın ona aid torpaq sahəsinin satılmasını təkid edib.

Bu səbəbdən onların aralarında mübahisə baş verib. Kişi arvadını öldürmək qərarına gəlib. Bu məqsədlə 2010-cu il təvəllüdlü qızı Riana Abdurzayevanın gözü qarşısında Nübar Şəkixanovaya əvvəl başından və bədəninə yumruq-təpik zərbələri vurub.

Nübar Şəkixanova onun zərbələrinin təsirindən yerə yıxılıb. Sonra o, mətbəxdən götürdüyü bıçaqla arvadına xəsarət yetirib. Həmin vaxt hadisə yerinə gələn qardaşı Mahir Abdurzayev onun əlindən bıçağı alıb. Nübar Şəkixanova vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Zahir Abdurzayevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zahir Abdurzayevin barəsində ittihamedici hökm çıxarılmayıb.

Məhkəmə belə nəticəyə gəlib ki, Zahir Abdurzayev cinayəti törədən anda anlaqsız vəziyyətdə olub. Bu səbəbdən cinayət məsuliyyətindən azad edilib.

Məhkəmə onun barəsində ümumi tipli psixatriya stasionarında məcburi müalicə təyin edib, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Məhkəmənin qərarından narazı qalan zərərçəkmiş Nübar Şəkixanova apelyasiya şikayəti verib. O, qərarın dəyişdirilməsini, Zahir Abdurzayevin barəsində daha ciddi rejimli şəraitdə məcburi müalicə təyin edilməsini xahiş edib.

Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti zərərçəkmişin apelyasiya şikayətini təmin etməyib.


Müəllif: Hacı Zeynalov