16 May 2018 14:43
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qardaşını öldürməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili Tural Süleymanov vəsatətlə çıxış edib.

O, müdafiə etdiyi Əli Əliyev barəsində Kompleks Stasionar Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertizasının keçirilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib və Əli Əliyevin 1 saylı Ruhi-əsəb Dispanserində müayinə olunması barədə qərar qəbul edilib.

Qərara cavab alınana kimi proses qeyri-müəyyən günə qədər təxirə salınıb.

İttihama görə, ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada Əli Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb. Hadisənin ilkin təfərrüatına görə qardaşlar televizora baxmağa görə mübahisə ediblər. Daha sonra əlbəyaxa dava yaranıb. Əli mətbəx bıçağını götürərək qardaşına hücum edib və ona çoxsaylı zərbələr endirib.

Əli Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.

Əli Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, həm də cüdoçudur.

Ölən qardaşı Murad Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı olub.


Müəllif: Hacı Zeynalov