17 May 2018 14:33
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova barəsində olan məhkəmə hökmündən apelyasiya şikayəti verib.

Bu barədə Teleqraf.com-da Natavan Mirvətovanın vəkili Adilə Məmmədova bildirib.

Şərti cəza alan general barəsində bəraət hökmü çıxarılmasını istəyib. Onun şikayəti vəkili vasitəsi ilə Bakı Hərbi Məhkəməsinə təqdim olunub.

Bütün şikayətlər toplanandan sonra iş materialları araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, bundan əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və MTN-nin zabiti, polkovnik Füzuli Əliyev apelyasiya şikayəti veriblər.

Nazirliyin Əməliyyat-texniki İdarəsinin sabiq işçisi, polkovnik Elşad Əzizov apelyasiya şikayəti verməkdən imtina edib.

Cinayət işində adı keçən MTN-in sabiq əməkdaşları Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyevin apelyasiya şikayəti verib-verməmələri barədə məlumat yoxdur.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadləqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə iclas zalından azadlığa buraxılıb.

Hökmə əsasən Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətovanın rütbələrinin alənması barədə Prezident İlham Əliyevə təqdimat göndərilməsi barədə qərar qəbul edilib.

Qərara görə, hökm qanuni qüvvəyə minəndən sonra hər üç general Prezidentin sərəncamı ilə general rütbəsindən məhrum ediləcək.

Hökmdə Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiası da təmin edilib. Zərərçəkmişlərin mülki iddiası isə qismən təmin edilib, bəzi epizodlar üzrə iddialar təmin edilməmiş saxlanıb.

Daşkəsən icra hakimiyyətinin vəzifəli şəxsləri barədə epizod ittihamdan xaric edilib.

İş adamı Kamal Seyfullayevə qarşı 2 milyon manatlıq mülki iddia da itihamdan xaric edilib.

Həmçinin generallar və digərlərinin üzərinə həbs qoyulmuş mülklərinin bir qismi müsadirə olunub, bəzilərinin üzərindən həbs götürülüb.


Müəllif: Hacı Zeynalov