18 May 2018 10:41
2 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda qəsdən adam öldürməyə cəhddə və xuliqanlıqda təqsirli bilinən Neftçala rayon sakini, 1987-ci il təvəllüdlü Elxan Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elxan Rzayevin istifadəsində olan mobil telefon nömrəsinə 2017-ci ilin mayında bir neçə dəfə naməlum nömrədən zəng gəlib, zəng edən onun ünvanına nalayiq sözlər işlədib.

Elxan Rzayev onu təhqir edən şəxsin Masallı rayon sakini Vüsal Əzizovun olduğunu güman edib. Bu səbəbdən onu cəzalandırmaq üçün mayın 25-də saat 22.30-da şəxsiyyəti məlum olmayan şəxslərlə Masallı şəhəri Z.Əliyeva küçəsində yerləşən 134 saylı evin qarşısına gəlib.

Elxan Rzayev həmin vaxt küçədə Vüsal Əzizov və onunla birlikdə olan Hikmət Babayevə yaxınlaşıb, onları əlindəki beysbol dəyənəyi ilə ilə hədələyib.

Bu zaman Vüsal Əzizov qorxaraq qaçıb, Elxan isə beysbol dəyənəyi ilə əvvəllər tanımadığı və heç bir münasibətdə olmadığı Hikmət Babayevin baş nahiyəsinə zərbə vurub. Daha sonra bıçaqla Hikmət Babayevə ardıcıl bir-neçə zərbə endirib.

Daha sonra hadisə yerindən qaçan Vüsal Əzizovu təqib edib, ona əlində olan bıçaqla xəsarət yetirəcəyi ilə hədələyib.

Hikmət Babayevə xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Elxan Rzayevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə sağlamlığa ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində olan əşya ilə xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Rzayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elxan Rzayev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Elxan Rzayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Elxan Rzayevin şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov