29 May 2018 14:01
3 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Fariz Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, ötən il oktyabrın 5-də Gədəbəy rayonun Arıxdam kəndində Fariz Muxtarov keçmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın başını kəsib.

Qatilin Şəmkir rayonunda babasının evində gizləndiyi məlum olub. O, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən yaxalanıb.

Hadisəni törədən şəxslə qətlə yetirilən qadın 2 il əvvəl boşanıb. Onların iki azyaşlı övladı var.

Cütlük boşanandan sonra aralarında tez-tez aliment üstündə mübahisə baş verib. Fariz Muxtarovun alimenti vaxtında ödəməməsi səbəbindən Mətanət yenidən məhkəməyə üz tutub.

Lakin Fariz Muxtarov arvadı ilə barışmaq istəyib, onu öz evinə aparmaq istədiyini deyib. Mətanət isə onunla birgə yaşamaq istəmədiyini, alimenti vaxtında ödəməsində israrlı olduğunu bildirib.

Bundan qəzəblənən Fariz Muxtarov keçmiş qayınatasının evinə gəlib və özü ilə gətirdiyi bıçaqla Mətanətin boğazını kəsib.

Fariz Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən Fariz Muxtarov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Fariz Muxtarov arvadını öldürmək niyyəti olmadığını, onunla birlikdə yenidən yaşamaq istədiyini deyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində bildirib ki, qızı əvvəllər də Muxtarovlar ailəsi tərəfindən təhdid olunub. Mətanətin az cehiz gətirməsinin Muxtarovların xoşuna gəlmədiyini deyən hüquqi varis bildirib ki, qızı onlar tərəfindən ölümlə hədələnib.

Qeyd edək ki, Fariz Muxtarovun atası Şamil Muxtarov və qardaşı Kamil Muxtarov da həmin ilin avqustunda həbs ediliblər.

Ata və oğul kənd ərazisində traktorçu işləyən Telman Qurbanovu döyərək öldürüblər.

Məlum olub ki, Şamil Muxtarov və Kamil Muxtarovun Şəmkir rayonundan həmin kəndə ot bağlamağa gələn traktorçu Telman Qurbanovla pul mübahisəsi olub.

Belə ki, Telman Qurbanov Şamil Muxtarovdan otlaq sahəsində işlədiyindən əməkhaqqısını tələb edib.

Bu zaman ata və oğul birləşərək, onu döyüblər. Telman Qurbanov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hazırda Şamil Muxtarov və Kamil Muxtarovun da cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində ayrıca icraatda araşdırılır.

Bu cinayət işi prosesə hakim Dadaş İmanov sədrlik edir.

Cinayət işi üzrə növbəti proses iyunun 5-də davam edəcək.


Müəllif: Hacı Zeynalov