13 Avqust 2014 14:31
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluq Gəncədə baş verənm qətllə bağlı birgə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, respublikanın daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cari il fevralın 20-də Gəncə şəhərində xüsusi amansızlıqla törədilmiş qətlin açılması və onun törədilməsində şübhəli bilinən şəxslərin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib.

Belə ki, qeyd edilən tarixdə saat 20 radələrində Gəncə şəhər sakini Maral İsmayılzadənin yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan yanmış meyiti aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Gəncə şəhər sakinləri Arzu Quliyev və Yusif Əliyev tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən onlar tutularaq istintaqa cəlb ediliblər.
Aparılmış istintaqla müəyyən edilib ki, A.Quliyev və Y.Əliyev qabaqcadan cinayət əlaqəsinə girərək özləri ilə maska, əlcək, yapışqanlı lent və armatur parçası götürüb şəhərdə imkanlı şəxs kimi tanıdıqları Maral İsmayılzadənin yaşadığı evə gəlmiş, ev sahibəsinə qarşı zor tətbiq etməklə pul və qızıl-zinət əşyalarını verməsini tələb ediblər.

M.İsmayılzadə qiymətli əşyalarının olmadığını, pulların isə bankda olduğunu bildirdikdə, onlar mənzili axtarsalar da, istədiklərini tapa bilməyib. Törətdikləri cinayətin izlərini gizlətmək məqsədi ilə A.Quliyev və Y.Əliyev ev sahibəsinin üzərinə neft məhlulu tökərək yandırdıqdan sonra evi tərk ediblər.
İstintaq zamanı o da müəyyən edilmişdir ki, A.Quliyev 2014-cü ilin mart-avqust aylarında özünə məxsus həyətyanı sahədə narkotik tərkibili bitkilərin əkilib-becərilməsi ilə də məşğul olub. Onun yaşadığı evin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 633 kiloqram 300 qram olan 108 ədəd çətənə kolları aşkar edilib.

A.Quliyev və Y.Əliyev tərəfindən qeyd edilən cinayət əməllərinin törədilməsində əsaslı şübhələr olduğundan onlara Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6 və 120.2.11 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər