31 May 11:00

Xızı rayonunda qanlı cinayət törətməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Elşən Qulamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elşən Qulamov 22 aprel 2017-ci il tarixdə, saat 23 radələrində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində həmkəndlisi Rüsxət adlı şəxsin həyətində quraşdırılmış toy mərasimində iştirak edib.

Həyətdə qurulan mağarda Elşən Qulamov sərxoş halda Surət Hüseynovla heç bir səbəb olmadan mübahisə edib. O, Surətə qəbirstanlığın yanına getməsini və özünün də bir qədər sonra oraya gəlib, aralarındakı söhbəti həll edəcəyini deyib.

Elşən Qulamov bu söhbətdən yarım saat sonra özü ilə mətbəx bıçağı götürüb və əmisi oğlu Vüqar Qulamovun yaşadığı evin yanına gəlib.

Həmin vaxt orada Vüqar Qulamovla söhbət edən Surət Hüseynova hücum edib. Elşən Qulamov özü ilə gətirdiyi bıçaqla Surət Hüseynova bir neçə xəsarət yetirib. Yaralı vaxtında xəstəxanaya yerləşdirildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, onların arasında mübahisə Elşən Qulamovun bir neçə il əvvəl qardaşının ölümü ilə bağlı olub. Sərxoş olan Elşən qardaşının ölümündə Surət Hüseynovu günahkar bilib.

İş üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Surət Hüseynov Elşən Qulamovun ondan qisas almaq niyyəti olduğunu deyib. O, ifadəsində bildirib ki, Elşən qardaşının ölümündə onu günahkar sayır və bu səbəbdən ondan qisas almaq istəyir.

İstintaq orqanı tərəfindən Elşən Qulamovun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Xızı rayon Məhkəməsinin hökmü ilə Elşən Qulamov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elşən Qulamov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsüf edilməsini, barəsində həbslə əlaqədar olmayan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş edib.

Elşən Qulamovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Onun şikayəti hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim kollegiyası Elşən Qulamovun apelyasiya şikayətini qismən təmin edib. Onun cəzası 1 il 4 aya endirilməsi barədə qərar qəbul edilib.


Müəllif: Hacı Zeynalov
Загрузка...