Daxili İşlər Nazirliyi paytaxtda ana və qızının güllələnməsi barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, mayın 31-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində qəsəbə sakini Elçin Qədimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə tanışı Aytən və onun anası Esmira Cəfərovalara xəsarət yetirib və hadisə yerini tərk edib.
Xəstəxanaya yerləşdirilmiş Aytən orada ölüb, anasının vəziyyəti ağırdır.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Qədimov saxlanılın. Onun evindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.
***
10:11
Bakının Sabunçu rayonunda ana və qızını güllələyən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Balaxanı qəsəbə sakini, 1997-cu il təvəllüdlü Elçin Qədimov polisin keçirdiyi əməliyyat nəticəsində tutulub.
O, Bakı şəhər sakin, 55 yaşlı Esmira Cəfərova və onun qızı 17 yaşlı Aytən Cəfərovanı güllələyib.
Hər iki yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onların hər ikisinin üzərində cərrahi əməliyyat aparılsa da, həkimlər Aytən Cəfərovanın həyatını xilas edə bilməyib.
Cinayəti törədən Elçin Qədimovun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib.
Bildirib ki, ailəsi bir neçə gün əvvəl Cəfərovlar ailəsinin qızı Aytən Cəfərovaya elçi gəlib. Əvvəlcə Cəfərovlar qızı Sabir Qədimova versələr də, sonradan məsələ pozulub. Bu səbəbdən mayın 31-də, axşam saatlarında Elçin Qədimov Aytən Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib.
Elçin Qədimov qızın onunla nişanlanacağını, onunla evlənəcəyini deyib.
Aytən Cəfərova ilə mübahisədən sonra Elçin Qədimov evlərinə qayıdıb. O, babasına məxsus ov tüfəngini götürərək, geri dönüb, Aytənlə yenidən mübahisə edib. O, tüfəngi atəş vəziyyətinə gətirən zaman qızın anası qabağa keçirib. 21 yaşlı oğlan həm qızı, həm də anasını güllələyib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.9-cu (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi Sabunçu rayon Prokurorluğunda araşdırılır.