13 Avqust 2014 16:44
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili Işlər Nazirliyi avqustun 10-da Azərbaycan Premyer Liqasının 2014/15-ci il mövsümünün 1-ci turu çərçivəsində Sumqayıtda keçirilən “Sumqayıt” – “Qarabağ” matçında baş verən insidentlə bağlı açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Teleqraf.com-a bildirib ki, Sumqayıtda keçirilən futbol matçında yarışı izləmək üçün gələnlər arasında bir-iki nəfər idmana, futbola heç bir aidiyyatı olmayan şüarlar yazılmış plakatları stadiona keçirməyə cəhd edib.

Ehsan Zahidovun sözlərinə qanunların aliliyini təmin edən polis əməkdaşları mövcud təlimata uyğun olaraq bu cür plakatların tribunalara daşınmasına haqlı olaraq imkan verməyiblər: “Etiraf etmək lazımdır ki, idman arenalarını, müqəddəs məkanları, ziyarətgahları siyasət meydanına çevirmək məqsədə müvafiq sayıla bilməz. O ki qaldı bəzi KİV-lərdə həmin məsələ ilə əlaqədar polisin hərəkətinin rüsvayçılıq kimi dəyərləndirilməsinə, bu ən azından ölkəmizin sürətli inkişafını, hökm sürən əmin-amanlığı, sabitliyi gözü götürməyənlərin bilərəkdən ortaya atdıqları bir təxribat xarakterli böhtandan başqa bir şey deyil. Cinayətkarlıqla mübarizə aparan, ictimai asayişi və vətəndaşlarımızın təhlükəsizliyini təmin edən polisi bu işdə əsassız olaraq “rüsvayçılıqda” ittiham edənlərin özləri rüsvay olunası ünsürlərdi”.

Ehsan Zahidov onu da əlavə edib ki, Sumqayıt polisi barədə deyilənlər böhtandan başqa bir şey deyil. “Stadiona gətirilən “Şəhidlər ölməz, Vətən bölünməz” şüarına guya polislər tərəfindən sayğısızlıq göstərilib.... Yalan və böhtandır. Xalqımız yaxşı xatırlayır və bilir ki, doğma Qarabağda torpaqlarımızın, orada yaşayan vətəndaşlarımızın düşməndən müdafisinə ilk dəfə qalxan da, bu yolda ilk şəhidlər verən də məhz polis əməkdaşları olub. Yəni, şəhidlərimizin ölməzliyini, vətənimizin bölünməzliyini Azərbaycan polisi öz əməli, öz xidməti ilə dəfələrlə sübut edib. Ona görə də onları şəhidlərimizin ruhuna, vətənimizin bütövlüyünə hörmətsizlikdə günahlandırmağın özü ən böyük günah və ədalətsizlikdir. Biz Azərbaycan polisi olaraq şəhidlərimizin müqəddəs ruhları qarşısında həmişə baş əymişik və bundan sonra da canımız-qanımız bahasına olsa belə, vətənimizin hər qarış torpağı uğrunda mübarizə aparmağa hazırıq. Əfsuslar olsun ki, hələ də orda-burda rast gəlinən üzdəniraq siyasət dəllallarının, dil pəhləvanlarının təsiri altına düşən bir qrup gəncimiz şəhidlərimizin, vətənimizin müqəddəs adlarından siyasi məqsədlərlə istifadə olunduğunun fərqinə varmayıblar. İnanırıq ki, siysi işbazların toruna düşən vətəndaşlarımız nəhayət ki, aldandıqlarını başa düşəcək, doğru yolda olmadıqlarını anlayıb lazımi nəticə çıxaracaqlar”.

Qeyd edə ki, avqustun 10-da Azərbaycan Premyer Liqasının 2014/15-ci il mövsümünün 1-ci turu çərçivəsində Sumqayıtda keçirilən “Sumqayıt” – “Qarabağ” matçında polislə bəzi azarkeşlər arasında insident yaşanıb.

Bəzi kütləvi informasiya vasitələrində bildirilir ki, avqustun 10-da keçirilən oyun zamanı komandalarını dəstəkləmək üçün Sumqayıta gələn bir qrup “Qarabağ” azarkeşi əllərində “Şəhidlər ölməz, vətən bölünməz” pankartını da stadiona keçirmək istəyiblər.

Deyilənlərə görə, azərkeşlər bununla cəbhə xəttində gedən döyüşlərdə şəhid olan əsgərlərimizin ruhuna ehtiramlarını ifadə etmək istəyiblər. Lakin Sumqayıt polisi bu pankartı tribunaya keçirməyə icazə verməyib.

Yayılan informasiyada o da vurğulanır ki, azarkeşlərlə polislər arasında mübahisə yaranıb. Deyilənlərə görə, Sumqayıt polisi “Nə şəhid?! Bizə şəhid lazımdır?! Sizə dedilər ki, yığışdırın bu plakatı”, - deyə azarkeşlərə acıqlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər