5 İyun 2018 15:39
2 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda banka basqın etməkdə təqsirli bilinən 1967-ci il təvəllüdlü Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Səriyyə Nəcəfova ifadə verib.

O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, Nazim Məmmədov bankda onu bıçaqla hədələyib: “Həmin zaman ona yalvardım. Bir Allah bilir ki, mən onda nələr çəkdim. Hadisə yerində yaşlı, ya da hamilə qadın olsaydı, ürəyi partlayıb ölərdi. Ona yalvardım ki, 3 balam var, nə olar, məni burax. O da məni buraxdı. Sonra siqnalizasiya işə düşdü, polislər gəldi. Nazim bankdan pul tələb edirdi. Məni tutub dedi ki, bunu tutmuşam, mənə pul verin. Nə qədər pul istədiyini isə söyləmədi”.

Daha sonra ifadə verən "Turan Bank"ın Yasamal filialının müdiri Fərid Qəniyev bildirib ki, Nazim Məmmədov banka daxil olaraq, xəzinədarı hədələyib: “Xəzinədarın üstünə bıçaq çıxardı, pul tələb etdi. Biz də bu barədə polisə məlumat verdik”.

Növbəti proses iyunun 12-də davam edəcək.

İttihama görə, hadisə bu il yanvarın 18-də saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Filiala gələn Nazim Məmmədov qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və mətbəx bıçağını boğaz nahiyəsinə dirəyib.

Həmin şəxs xəzinədar Kənan Miriyevdən pul verməsini, əks halda qadını öldürəcəyini deyib. Həmin vaxt kassada ümumilikdə 198 min 345 manat olub.

Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər