Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini uğurla davam etdirilib.
Teleqraf.com xəbər verir ki, iyunun 9-da və 10-da bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 22 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilib.
Ötən iki gün ərzində daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.
Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində regional şöbəsi və Masallı rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Famil Talıbov, Masallı rayon sakinləri Çingiz İbadov və əvvəllər məhkum olunmuş Həsrət Xəlilov həbs edilib.
Onlardan 12 kiloqram 250 qram tiryək və 385 qram heroin götürülüb.
Bundan başqa, Pirallahı rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirallahı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Asəf Bağırovdan 0,158 qram heroin, evindən isə 1 kiloqram 815 qram marixuana aşkar edilib.
Oxşar əməliyyat Sumqayıt şəhərində də keçirilib. Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Ələkbərov həbs edilib.
Ondan 460 qram marixuana götürülüb.
Bundan başqa, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhlul Əliyevdən 480 qram marixuana götürülüb.
Zərdab rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Gəray Yusifov 1 kiloqram 345 qram marixuananı 500 manata satarkən saxlanılıb.
Daha bir əməliyyatı Abşeron polisi keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Asəf Mütəllimovdan 5 kiloqramdan artıq marixuana götürülüb.
Daxil olmuş məlumat əsasında Lənkəran polis şöbəsi əməkdaşları tərəfindən Qumbaşı kənd sakini Ruslan Hüseynova məxsus həyətyanı sahəyə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 77 ədəd çətənə kolu aşkar edilib.
Bütün faktlar üzrə cinayət işi başlanıb.