13 İyun 2018 12:02
2 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda pul borcu üstündə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən 1984-cü il təvəllüdlü Qiyas Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2011-ci ildə Qiyas Əhmədovun pul borcuna görə dayısı Kamilı İbrahimovla münasibətləri soyuyub.

Qiyas Əhmədov Ağcabədi rayonu, Nəcəfqulubəyli kənd məscidinə bağışladığı namaz xalçasının molla tərəfindən Kamil İbrahimova verilməsindən xəbər tutub, 12 mart 2017-ci il tarixdə saat 13.00-da dayısının evinə gedib. Qiyas evin həyətində dayısından xalçanı tələb edib. Bu səbəbdən aralarında mübahisə yaranıb. Kamil İbrahimov Qiyası döyüb.

Həmçinin Qiyas Əhmədovun anasının ünvanına nalayiq sözlər işlədib.

Qiyas Əhmədov qisas almaq üçün Kamil İbrahimovu öldürmək qərarına gəlib. Martın 17-də cümə namazı qılmaq üçün Kamil İbrahimovun məscidə tək gedəcəyini bilən Qiyas Əhmədov planını həyata keçirmək istəyib. Həmin gün saat 11 radələrində dayısını güdüb və arxadan yaxınlaşaraq ona 4 bıçaq zərbəsi vurub.

Bıçaq zərbələri davam edərkən Kamil İbrahimov qışqıraraq adamları köməyə çağırıb. Nəhayət, bacısı oğlunun əlindən çıxaraq qaçmağa başlayıb. Qiyas da dayısının arxasınca düşüb. Kamil İbrahimovun qışqırtısına küçəyə çıxmış kənd sakinlərini görən bacıoğlu təqibi dayandırıb və geri qayıdıb.

Bu anda Kamil İbrahimov huşunu itirərək yerə yıxılıb. Ona kənd həkim məntəqəsinin tibb bacısı tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra Kamil İbrahimov Ağcabədi rayon mərkəzi xəstəxanasına vaxtında çatdırılmaqla göstərilmiş intensiv tibbi yardımlarla əlaqədar həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Qiyas Əhmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qiyas Əhmədov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı Qiyas Əhmədov apelyasiya şikayəti verib. Qeyd edib ki, Kamil İbrahimovu öldürmək niyyəti olmayıb, pul borcuna görə onu cəzalandırmaq istəyib.

Qiyas Əhmədovun şikayəti araşdırlması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada Qiyas Əhmədovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda apelyasiya şikayətinin təmin olunmaması barədə qərar açıqlayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər