13 İyun 2018 14:17
3 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Tovuz rayon sakini, 1969-cu il təvəllüdlü Eldar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Eldar Abbasov Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yaşayan böyük bacısı Elsevər Abbasovaya əvvəllər borc verib.

17 may 2016-cı il tarixdə saat 18.00-da o, verdiyi borcu geri almaqdan ötrü onların evinə gedib və orada yeznəsi Əli Hüseynovla birlikdə spirtli içki içib.

Sərxoş olan Eldar Abbasov saat 01.00-da sərxoş vəziyyətdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evinə qayıdıb. Bu zaman arvadı İlhamə Abbasova ilə aralarında mübahisə yaranıb. İlhamə ərini nalayiq ifadələrlə təhqir edib, pul qazana bilməməkdə, hətta yaşadıqları evi belə təmir edə bilmədiyinə görə iradını bildirib.

Eldar Abbasov əvvəllər də arvadı ilə bu mövzularda mübahisələrinin olması, həmçinin son zamanlar bir arvad kimi onun cinsi tələblərini ödəməkdən imtina etməsi yadına düşüb. O, əsəbləşərək İlhamə Abbasovanı öldürmək qərarına gəlib. Bu məqsədlə mətbəxdən götürdüyü bıçaqla İlhamənin bədənini müxtəlif nahiyələrinə bir neçə xəsarət yetirib.

lhamənin qışqırıq səsinə digər otaqda yatan 2000-ci il təvəllüdlü oğlu Tərlan Abbaszadə oyanıb və həmin otağa gəlib.

Tərlan anasını onun əlindən almağa cəhd edib. Amma o, Tərlanı itələyib, onun gözü qarşısında İlhaməyə daha bir neçə bıçaq zərbəsi vurub. Bu vaxt Tərlan Abbaszadə fiziki müqavimət göstərərək anasını müdafiə edib, Eldar Abbasovun hərəkətlərinin qarşısını alıb.

İlhamə Abbasova Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Eldar Abbasovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Abbasov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. O, Eldar Abbasovun barəsində olan birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, ona daha ağır cəza verilməsini istəyib.

Prokurorun şikayəti Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti prokurorun protestinin təmin edilməməsi barədə qərar elan edib.


Müəllif: Hacı Zeynalov