Tərtər rayonunda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən Emin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, ötən il oktyabrın 20-də Tərtər rayonunun Bəyimsarov kəndində Bakı şəhər sakini Emin Hüseynov münaqişə zəminində arvadı Rufanə Cəfərliyə bıçaqla xəsarət yetirib. Nəticədə Rufanə Cəfərli hadisə yerində ölüb. Emin Hüseynov könüllü Tərtər rayon polis şöbəsinə gələrək istintaqa təslim olub.
İstintaq araşdırması zamanı ərin öz həyat yoldaşını qətlə yetirməsinin təfərrüatı məlum olub.
1993-cü il təvvəlüdlü Rufanə Hüseynova həyat yoldaşı Emin Hüseynovla Bakıda universitetdə təhsil alarkən tanış olublar. Rufanə hadisədən 3 il əvvəl Eminlə ailə qurub və Bakıda yaşayıb. Bu evlilik dövründə Rufanə ilə Emin Hüseynov arasında dəfələrlə münaqişə olub. Bu səbəbdən Rufanə hadisədən bir neçə ay əvvəl azyaşlı övladını da götürərək, Tərtər rayonunda olan ata evinə gəlib.
Məlum olub ki, Emin Hüseynov oktyabrın 20-də saat 10 radələrində kəndə gələrək həyat yoldaşını və övladını evinə aparmaq istəyib
Amma Rufanə Emin Hüseynovla getməyə qarşı çıxıb. Bu zaman onların arasında mübahisə yaranıb.
Emin cibindən bıçaq çıxararaq Rufanəyə azyaşlı oğlu Mehman Hüseynov və anası Vəsilə Əliyevanın gözləri qarşısında 8 bıçaq zərbəsi vurub. Rufanə aldığı zərbələrdən hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Emin Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.