Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev məhkəmə hökmündən apelyasiya şikayəti verib.
Teleqraf.com xəbər verir ki, Habil Vəliyev şikayətində bəraət hökmünün çıxarılmasını istəyib.
Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikatət hakim Habil Vəliyevin icraatına verilib. Məhkəmə baxışı iyunun 21-ə təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Habil Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə baş redaktorun əmakı üzərinə qoyulmuş həbsi geri götürülməsi və özünə qaytarılması barədə qərar qəbul edib.
İttihama görə, Habil Vəliyev zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək onlardan külli miqdarda pul tələb edib. Belə ki, o, Günəşli qəsəbəsindəki “Araz” kafesinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə “rüsvayedici məlumatlar” yayacağı ilə hədələyərək obyektin sahibi Habil Hüseynovdan 2007-ci ildən etibarən aylıq 200 manat haqq alıb. Sonradan aylıq haqqı artırıb və 2016-cı ilədək Habil Hüseynovun 30 min manatını ələ keçirib.
Daha sonra Habil Vəliyev Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfovu rəhbərlik etdiyi idarədə qanunsuzluqların baş verməsi, rayon ərazisində fəaliyyət göstərən müxtəlif dövlət təşkilatlarına ayrılmış pul vəsaitlərini mənimsənilməsinə dair məlumatlar, həmçinin şəxsi nüfuzuna və işgüzar fəaliyyətinə xələl gətirəcək rüsvayedici məlumatlar yaymaqla hədələyib. Bu yolla məmurdan xeyli pul alıb.
Habil Vəliyev cinayətkar qrupun digər üzvləri ilə birlikdə zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə hədə-qorxu gəlib. Onlar Fuad Məmmədov, Tofiq Sadıqov, Rəşid Mənəfov, Xəyalə Məlikovanın əmlakını, Xəyyam Həsənov, Nofəl Musayev, Ramil Quliyev, Rafiq Rəsulovun xeyli miqdarda əmlakını, eləcə də Ramiz Cəbrayılov, Hətəm İbrahimov, Habil Hüseynov və Rasim Bağırovun külli miqdarda əmlakını ələ keçirib.