Ağdam rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Ləman Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Zabil Qasımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, Gəncə şəhər sakini, 44 yaşlı Ləman Əliyeva Ağdamın Xındırıstan kəndində yaşayan qudasının evinə qonaq gedib.
Bərdə rayonundan olan 1974-cü il təvəllüdlü Pərviz Yusifov da həmin evdə olub. Evdə yemək yeyilərkən Ləman Əliyeva ilə Pərviz Yusifov arasında mübahisə baş verib.
Nəticədə Ləman Əliyeva Pərviz Yusifovu bıçaqlayıb. İki bıçaq xəsarəti alan Pərviz Yusifov Ağdam rayon Mərkəzi Xəstəxanasına, oradan Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Vaxtında tibbi yardım göstərildiyi üçün Pərviz Yusifovun həyatını xilas etmək mümkün olub.
Məlum olub ki, hadisədən bir neçə gün əvvəl Xındırıstanda oğlunun qayınanasının evinə qonaq gələn Ləman Əliyeva sürücü kimi xidmətindən istifadə etdiyi və qeyri-rəsmi nikahda yaşadığı Pərvizi Ağdama çağırıb.
Onlar gecəni Xındırıstanda Ləmanın qudasının evində keçiriblər və gecə saatlarınadək yeyib-içiblər. Bir qədər sonra Pərvizin telefonuna gələn müəmmalı zəng səbəbindən Ləman özündən çıxıb və münaqişə baş verib.
Sərxoş qadın bıçaqla sevgilisinə hücum edib və ona iki zərbə endirib. Qarın və çiyin nahiyəsindən xəsarət alan kişi xəstəxanaya yerləşdirilib.
Hadisənin baş verdiyi evin sahibəsi xeyli əvvəl həyat yoldaşından boşanıb. Onun qızı bir müddət əvvəl Ləmanın oğlu ilə ailə qurub.
İstintaq orqanı tərəfindən Ləman Əliyevanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.