20 İyun 2018 12:37
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Seyidnəsir Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Seyidnəsir Əhmədov 13 yanvar 2017-ci ildə, saat 20 radələrində sərxoş vəziyyətdə Sumqayıt şəhərindəki 19-cu məhəllədə yerləşən avtomobil təmiri sexinə gəlib. Orada digər şəxslərlə yemək yeyərək, yenidən spirtli içki qəbul edib.

Daha sonra Fərhad Ağayevə qonaqlıq verməsini təklif edib, sonuncu onun ünvanına nalayiq söyüşlər söyməklə sexdən çıxıb.

Bu zaman Seyidnəsir Əhmədov Fərhad Ağayevin arxası ilə gedib və “EL” marketinin yaxınlığında ona çatıb. Fərhad Ağayevdən söyüş söyməsinin səbəbini soruşub. Bu vaxt Fərhad Ağayev onun ünvanına yenidən nalayiq ifadələr işlədib.

Seyidnəsir Əhmədov qisas məqsədi ilə üstündə gəzdirdiyi bıçaqla Fərhad Ağayevə bir neçə zərbə endirib.

Fərhad Ağayev vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Seyidnəsir Əhmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seyidnəsir Əhmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Seyidnəsir Əhmədov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Seyidnəsir Əhmədovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayət hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər