Tovuz rayonunda bıçaqlanma hadisəsi törətməkdə, xuliqanlıqda və oğurluqda təqsirli bilinən 17 yaşlı Rəşad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, Tovuz rayonun İbrahim Hacılı kənd sakini, 1977-ci il təvəllüdlü Səbinə Kazımova ötən il noyabrın 16-da qarın nahiyəsindən bıçaq xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Məlum olub ki, Səbinə Kazımova kürəkəni ilə Qovlar şəhərində küçə ilə gedən zaman bir neçə naməlum şəxslə kürəkəni arasında mübahisə yaranıb.
Həmin şəxslərdən biri qadının kürəkənini bıçaqlamaq istəyərkən, qadın bıçaq xəsarəti alıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Qovlar şəhər sakini, 2000-ci il təvəllüdlü Rəşad Hüseynov saxlanılıb.
İstintaq araşdırması zamanı Rəşad Hüseynovun çoxsaylı oğurluq əməlləri üzə çıxıb.
İstintaq orqanı tərəfindən Rəşad Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.
Növbəti proses iyunun 27-də davam edəcək.