Odlu silahla cinayət törətməkdə təqsirli bilinən Şamaxı şəhər sakini Sadiq Hüseynov, Rusiya Federasiyasının Saxalin vilayətində anadan olmuş Əziz Əzizov barələrində olan hökmdən Baş Prokurorluq tərəfindən kasasiya protesti verilib.
Teleqraf.com xəbər verir ki, həmçinin təqsirləndilən şəxslər də kasasiya şikayəti veriblər.
Tərəflərin protest və şikayətləri araşdırılması üçün Ali Məhkəməyə təqdim olunub. İş araşdırılması üçün hakim Tahir Kazımovun icraatına verilib.
Məhkəmə baxışı avqustun 29-na təyin edilib.
Təqsirləndirilən şəxslər kriminal aləmin üzvləri olub. Sadiq Hüseynov və Əziz Əzizov Rövşən Lənkəranski tərəfdalarına yaxınlıqları ilə seçiliblər.
Təqsirləndirilən şəxslərin törətdikləri cinayətlər xeyli əvvəl baş versə də, bu işi üzrə məhkəmə instansiyalarında uzun zaman araşdırma aparılıb.
İttihama görə, 9 avqust 2011-ci il tarixdə Sadiq Hüseynov Lətif Nəbiyevlə yaxın dost münasibətlərində olan Famil Hümbətova zor tətbiq edib, ona məxsus “Santa Fe” markalı avtomaşını əlindən alıb.
Famil Hümbətovun xahişi ilə Lətif Nəbiyev Sadiq Hüseynovla görüşüb, avtomaşının geri qaytarılmasına nail olsa da, həm danışıqlar və avtomaşının qaçırılması zamanı, həm də sonra Sadiq Hüseynovdan narazı qalıb.
Lətif Nəbiyev Sadiq Hüseynovu “cəzalandırmaq” barədə başqa şəxsin xahişi ilə onu avqustun 11-də saat 18.00-da Pirqulu yolunda yerləşən “Məlhəm” restoranının yaxınlığına çağırıb. Həm Lətif Nəbiyev, həm də Sadiq Hüseynov görüşə başqa şəxslərlə gəlib.
Görüş zamanı Sadiq Hüseynov davaya gəlmiş şəxslərin gözü qarşısında kəsici və küt əşyalarla Lətif Nəbiyevi vurub.
Bundan başqa, o, 18 avqust 2012-ci il tarixdə başqa bir şəxslə Şamaxı rayonunun Göylər kəndinə gedən yolda “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında Mirələm Daşdəmirova hücum edib, döyərək ona bədən xəsarəti yetiriblər.
Həmin il sentyabrın 26-da Sadiq Hüseynov yaxın münasibətdə olduğu Nuranə Üzeyirovanın Şamaxı şəhəri, Cavanşir Balayev küçəsindəki yaşayış sahəsinə girib. Oradan 973,4 manat dəyərində “Toshiba” markalı kompüteri, 230 manatlıq “Nokia C-3” markalı mobil telefon aparatını oğurlayıb.
O, oktyabrın 31-də Əziz Əzizov və başqaları ilə Şamaxı şəhərində “Turist” restoranında olarkən Nuranə Üzeyirovanın yaşadığı evdən oğurladığı “Toshiba” markalı noutbukui geri almaq üçün Bakıdan ora gələn Cəsur Səbzəliyevə qarşı xuliqanlıq edib, ona nalayiq söyüşlər söyüb.
Daha sonra bıçaqla Cəsur Səbzəliyevin baş nahiyəsinə vurub, yanındakılarla birlikdə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Cəsur onların əlindən çıxaraq restoran binasının qarşısına qaçıb. Amma orada da ondan əl çəkməyiblər.
Cəsur Səbzəliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Sadiq Hüseynov Lətif Nəbiyevlə şəxsi ədavət zəminində 20 noyabr 2012-ci il tarixdə onu öldürmək niyyəti ilə Əziz Əzizovla cinayət əlaqəsinə girib.
Onlar ov tüfəngi götürərək “VAZ-21154” markalı avtomaşınla Lətif Nəbiyevi axtarıblar. Saat 17.00-da Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində “Mebel” mağazasının qarşısında Lətif Nəbiyevi tapa biliblər. Sadiq Hüseynov odlu silahla Lətif Nəbiyevə məxsus “Lexus RX-350” markalı avtomaşına 2 dəfə atəş açıb.
Daha sonra Lətif Nəbiyev avtomat silahla Şamaxı-Bakı magistral yolunda “Turist” restoranının yanına gəlib. Orada Sadiq Hüseynov və Əziz Əzizova bir neçə dəfə atəş açıb. Sadiq Hüseynov qolundan, Əziz Əzizov isə kürəyindən yaralanıb.
Əzizin maşını yolun sol kənarına çıxaraq ağaca dəyib. Lətif Nəbiyev öz maşınında hadisə yerindən Şamaxı şəhərinə qayıdıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq Hüseynov 13 il, Əziz Əizov 9 il 6 ay, Lətif Nəbiyev isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.
Həmçinin təqsirləndirilən şəxslər də cəzalarının yüngülləşdirilməsi məqsədilə apelyasiya şikayəti veriblər. Bir müddət əvvəl tərəflərin şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb.
O zaman işə baxan hakim heyəti təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərini təmin edib. Məhkəmə Sadiq Hüseynovun cəzasını 5 il 6 aya, Əziz Əzizovun isə cəzasını 4 ilə endirilməsi barədə hökm elan edib. Hökmə əsasən, Əziz Əzizovun ittiham olunduğu qəsdən adam öldürməyə cəhd maddəsi üzrə cinayət işinə bəraət verilib, o, xuliqanlıqda təqsirli bilinib.
Lətif Nəbiyevin istintaq təcridxanasında vəfat etməsi ilə bağlı onun barəsində cinayət işinə xitam verilib.
Digər təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı prokurorun protesti təmin edilməyib.
Bu dəfə prokuror Ali Məhkəməyə müraciət edib. Prokurorun protestinə baxan hakim heyəti təqsirləndirilən şəxslərin barəsində olan hökmü ləğv edib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Nazim Mövsümovun icraatına verilən iş üzrə yenidən araşdırma aparılıb. Sadiq Hüseynov və Əziz Əzizovun barəsində olan hökm yenidən dəyişdirilib. Sadiq Hüseynovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4-cü maddələri həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilib.
Onun ittiham olunduğu oğurluq maddəsi isə hökmdən xaric edilib. Sadiq Hüseynovun cəzası 5 ilə endirilib.
Digər təqsirləndirilən Əziz Əzizov da Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham edilib və onun cəzası 3 ilə endirilib.
Məhkəmə Əziz Əzizovun cəza müddətini bitmiş hesab edib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Prokurorun protesti təmin edilməyib.