Hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin adından istifadə edərək dələduzluq etməkdə təqsirli bilinən Elşad Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
Daha sonra ifadə verən Elşad Atakişiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, zərərçəkmiş Səadət Məmişovadan 6 min manat borc pul aldığını deyib.
Sonra ifadə verən zərərçəkmiş Səadət Məmişova deyib ki, Elşad Atakişiyevlə onu Rövşən adlı şəxs tanış edib.
Zərərçəkmişin sözlərinə görə, Rövşən Elşadı hüquq-mühafizə orqanlarında rəhbər şəxslərin qohumu kimi təqdim edib: “Həbsdə olan həyat yoldaşım Namiqi azadlığa çıxaracaqdı. Pulu isə Rövşənə verdim. Lakin sonralar verdikləri vədə əməl etmədi”.
Növbəti prosesi iyulun 16-da davam edəcək.
İstintaq orqanı tərəfindən Elşad Atakişiyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Elşad Atakişiyev həbsdə olan bir qrup şəxsin qohumlarına qarşı dələduzluq edib. O, baş prokurorun və digər vəzifəli şəxslərin adından istifadə edib.
Elşad Atakişiyev özünü hüquq-mühafizə orqanlarında rəhbər şəxslərin qohumu kimi təqdim edib, həbsdə olan şəxslərin azad olunmasına köməklik göstərəcəyinə dair vəd verib.
Dələduzluqla üzləşənlərdən biri də Masallı rayon sakini Səadət Məmişovadır.
Elşad Atakişiyev Səadət Məmişovaya özünü baş prokurorun kirvəsi kimi təqdim edib, onun 2012-ci ildə məhkum olunan həyat yoldaşı Namiq Məmişovun azadlığa çıxmasına köməklik edəcəyinə vəd verib.
O, bu işi görmək üçün Səadət Məmişovadan 20 min manat verib. Elşad Atakişiyev digər zərərçəkmişləri də eyni üsulla aldadıb və onların pullarını ələ keçirib. Cinayət işi üzrə 10-dan çox zərərçəkmiş var.