Rusiyada arvadını öldürməkdə təqsirli bilinən Şəmkir rayon sakini Ramiz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 17-nə təyin edilib.
İttihama görə, Ötən il Rusiya Federasiyasının Sankt-Perterburq şəhərində azərbaycanlı Bahar Pirqələmova qətlə yetirilib.
Məlum olub ki, Bahar Pirqələmova həyat yoldaşı Ramiz Əsgərov tərəfindən öldürülüb.
Ramiz Əsgərov cinayəti törədəndən sonra Azərbaycana gəlib və Şəmkir rayonunda yaşamağa başlayıb.
Bahar Priqələmova Azərbaycan vətəndaşı olduğu üçün Rusiya hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri Azərbaycanın Baş Prokurorluğuna müraciət edib.
Müraciət əsasında Ramiz Əsgərovun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəmkir rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ramiz Əsgərov tutulub.