13 İyul 2018 09:50
2 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncədə polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin zərərsizləşdirilməsi ilə bağlı rəsmi məlumat yayıb.

Teleqraf.com-un məlumatına görə, birgə məlumatda qeyd olunur ki, cinayətin iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində Dövlət Başçısının şəxsi nəzarəti altında intensiv surətdə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.

Gəncədə asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilib və keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanıb.

Bütövlükdə qeyd olunan cinayətin fəal iştirakçılarından 11 nəfərin tutulması təmin olunub, biri isə məhv edilib.

Törədilmiş qanlı cinayətin bütün iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Görülən işlərin gedişi barədə əlavə məlumat veriləcəkdir.

***

09:27

Gəncə şəhərində yüksək rütbəli polis zabitlərini qətlə yetirdiyinə görə axtarışda olan Rəşad Böyükkişiyev zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Rəşad Böyükkişiyev hüquq-mühafizə orqanlarının Şəmkir rayonu ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində silahlı müqavimət göstərib.

Bu zaman Rəşad Böyükkişiyev hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərən zaman məhv edilib.

Qeyd edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib.

Xatırladaq ki, iyulun 11-də Respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşlarımızın yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.

Bu cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İyulun 12-də Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti baş verən olayla bağlı birgə açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, iyulun 12-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Gəncə şəhərinə gedərək orada baş vermiş məlum hadisələrlə əlaqədar yaradılmış istintaq-əməliyyat qrupunun rəhbərliyi və üzvləri ilə geniş müşavirə keçirib, görülən işlər barədə hesabatlarını dinləyiblər.

Məruzə olunub ki, həmin qanlı cinayəti törədənlərdən 9 nəfəri tutularaq barələrində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Dövlət qurumlarının rəhbərləri cinayətin digər iştirakçılarının da tapılıb-tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə tapşırıqlar veriblər.

Qeyd edək ki, iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi kobud şəkildə pozmasının qarşısını alarkən polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov həlak olublar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər