“Dağ yəhudiləri” dini icmasının evindən quldurluqla külli miqdarda pulu ələ keçirməkdə təqsirli bilinənlərdən biri Xalid Seyidovun kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Xalid Seyidovun kasasiya şikayəti qismən təmin edilib.
Onun cəzası 4 ildən 3 il 9 aya endirilib.
İttihama görə, Eldar Avadyayev 2014-cü ilin 6 dekabr tarixində “Dağ yahudi”ləri dini icmasının sədri, Quba rayonu, Qırmızı qəsəbə sakini Boris Simanduyevin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Xalid Seyidov və Coşqun Əliyevlə əlbir olub.
Onlar balta-bıçaqla silahlanıb maska taxaraq həmin gün səhər saat 7 radələrində Xalid Seyidovun “İnfiniti” markalı avtomobili ilə Boris Sumanduyevin evinin qarşısına gəliblər. Evə daxil olaraq ev sahibini və bacısı Liza Simanduyevanı döyüb xəsarət yetiriblər. Liza Simanduyeva basqınçılara müqavimət göstərərkən Coşqun Əliyev onu bıçaqlayıb.
Bundan sonra özləri ilə gətirdikləri "skotç"la hər iki şəxsin əllərini və ağızlarını bağlayıb evi axtarmağa başlayıblar. Eldar Avadyayev Qırmızı qəsəbədə yerləşən Sinaqoqda 20 min manat pul olduğunu öyrəndikdən sonra oranın açarlarını Borisdən alıb, sinaqoqa gedib. Bir neçə dəfə cəhd etməsinə baxmayaraq qapını aça bilməyib. Eldar təkrar evə qayıdıb.
Oğrular evin mətbəxindəki seyfin qapısını balta ilə sındıraraq içərisindəki 395 min dollar, 91 600 manat və 28 min rubl pulu və müxtəlif sayda qızıl-zinət əşyalarını götürüblər.
Eldar Avadyayev və Coşqun Əliyev Cinayət Məcəlləsinin 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə, digər təqsirləndirilən Xalid Seyidov Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə ittiham ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Avadyayev 14 il, Coşqun Əliyev 14 il 6 ay, Xalid Seyidov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan Eldar Avadyayev apelyasiya şikayəti verib. O, ittiham olunduğu maddələri Cinayət Məcəlləsinin 322.2-ci (özbaşınalıq) maddəsinə tövsif edilərək, ona bu maddə ilə sanksiya həddində cəza təyin edilməsini xahiş edib.
Digər təqsirləndirilən Coşqun Əliyev və Xalid Seyidov barələrində çıxarılan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyiblər.
Təqsirləndirilən şəxslərin şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayətləri üzrə qərar elan edilib.
Qərara görə, təqsirləndirilən şəxslərin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Yeni hökmə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Eldar Avadyayev və Coşqun Əliyevə Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cəza təyin edilməyib.
Eldar Avadyayev 181.3.2-ci maddəsi ilə təqsirli bilinib və o, 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Coşqun Əliyev isə Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirili bilinib və 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Xalid Seyidov isə Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə təqsirli bilinib və 4 il müddətinə azadlıqdan məhrum edilib.