Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Tofiq Qədirovun barəsində olan hökmündən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Tofiq Qədirovun barəsində şərti cəza təyin edilməsi barədə verdiyi apelyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qədirov 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il noyabrın 23-də səhər saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində baş verib.
Həmin ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov, həyat yoldaşı Olqa və iki azyaşlı övladı müəyyən edilməyən avtomobillə vurulub.
Qəzanı törədən sürücü piyadalara heç bir yardım göstərmədən hadisə yerindən qaçıb. Yaralılar digər şəxslərin köməyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanada ata və azyaşlı qızı Mədinənin həyatını xilas etmək mümkün olmayıb.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “VAZ 2107” markalı avtomobillə törədildiyi müəyyən edilib və Sabunçu rayonunun Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tofiq Qədirov şübhəli şəxs qismində saxlanılıb.
İstintaq orqanı tərəfindən Tofiq Qədirovun barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham elan edilib.